main-post-cover

    Microsoft Google DeepMind-ın 20-dən çox süni intellekt mütəxəssisini özünə cəlb edib

    Süni İntellekt
    23.07.2025
    Emil Nəcəfov
         Son aylar ərzində Microsoft şirkəti süni intellekt sahəsində fəaliyyət göstərən Google DeepMind tədqiqat bölməsindən 20-dən çox əməkdaşı özünə cəlb edib. Digər şirkətlərdən istedadlı mütəxəssisləri öz sıralarına qatmaqla, proqram təminatı nəhəngi təkcə rəqiblərini zəiflətmir, eyni zamanda süni intellektin sürətlə inkişaf edən sektorunda üstünlük əldə etməyə çalışır. DeepMind-ın Microsoft-a keçən sonuncu sabiq əməkdaşı, Google Gemini çat-botunun mühəndislik şöbəsinin rəhbəri olmuş Amar Subramanya olub. Onun iş yerini dəyişməsi LinkedIn profilindəki məlumatlarda əks olunub. Subramanya yazıb: “Buradakı mədəniyyət təəccüblü dərəcədə təvazökardır, amma eyni zamanda böyük iddialı planlarla doludur”.
         O, Microsoft-da süni intellekt üzrə korporativ vitse-prezident təyin edildiyini təsdiqləyib. Mənbənin məlumatına görə, Subramanya DeepMind-ın digər keçmiş əməkdaşları - aparıcı mühəndis Sonal Gupta, proqram mühəndisi Adam Sadovsky və məhsul meneceri Tim Frank ilə birlikdə Microsoft-a qoşulub. Məlumata əsasən, son 6 ayda Microsoft ən azı 24 DeepMind əməkdaşını öz komandasına cəlb edib. Microsoft-un süni intellekt sahəsində işçi cəlb etmə fəaliyyəti, son aylarda müxtəlif şirkətlərin rəqiblərinin istedadlı mühəndislərini ələ keçirmək cəhdlərini artırması ilə bağlıdır. Bu isə süni intellekt sahəsində əməkhaqlarının kəskin artmasına səbəb olub. OpenAI rəhbəri Sam Altman, Mark Zuckerberg-i tənqid edərək bildirib ki, o, Meta üçün aparıcı mütəxəssisləri cəlb edərkən, hətta 100 milyon dollara çatan bonuslar təklif edib.
         Microsoft və Google arasında kadrlara görə rəqabət xüsusilə kəskin xarakter alıb. Belə ki, DeepMind-ın həmtəsisçisi və keçmiş rəhbəri Mustafa Suleyman hazırda Microsoft-un süni intellekt bölməsinə rəhbərlik edir və şirkətin istehlakçı yönümlü süni intellekt strategiyasına cavabdehdir. Bu isə onu keçmiş ortağı və DeepMind-ın indiki rəhbəri Demis Hassabis ilə fikir ayrılığına gətirib çıxarır. Ötən ilin sonunda Suleyman DeepMind-dan Dominic KingChristopher Kelly adlı iki əməkdaşı cəlb edərək yeni tibbi süni intellekt bölməsinə rəhbər təyin edib. Suleyman-ın sözlərinə görə, bu komanda artıq neyron şəbəkələrə əsaslanan və mürəkkəb xəstəlikləri adi həkimlərdən 4 dəfə daha dəqiq diaqnozlaşdıran bir sistem hazırlayıb.
         Qeyd edək ki, Demis Hassabis süni intellekt texnologiyalarının səhiyyədə tətbiqində öncül simalardan biri hesab olunur. O, ötən il zülalların mürəkkəb quruluşunu proqnozlaşdırmaq texnologiyasına görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Suleyman mart ayında Microsoft-a qoşulub. Həmin vaxt proqram təminatı nəhəngi onun süni intellekt startapı olan Inflection şirkətinin işçi heyətinin böyük hissəsini işə götürüb və texnologiyalarına lisenziya almaq üçün 650 milyon dollar ödəyib. Subramanya və onun DeepMind-dan olan həmkarı Mat Velloso ötən ay Google-u tərk ediblər. Bu, OpenAI, Anthropic və digər süni intellekt şirkətləri ilə uğurla rəqabət aparmağa çalışan Google-un süni intellekt bölməsində bir sıra struktur dəyişikliklərinə səbəb olub.
         Velloso sonda Meta-ya qoşulub. Meta hazırda superintellekt adlandırılan layihə üçün yeni mühəndis komandası toplayır. Ötən ay Meta məlumatların etiketlənməsi ilə məşğul olan Scale AI startapına 15 milyard dollar investisiya qoyduğunu açıqlayıb. Mənbənin məlumatına görə, OpenAI tərəfindən yaradılmış ChatGPT xidmətindən ayda 600 milyon insan istifadə edir. Google-un analoqu olan Gemini isə aylıq 400 milyon istifadəçiyə malikdir. Bildirilir ki, DeepMind şirkətində işçilərin işdən çıxma göstəricisi sənaye üzrə orta göstəricilərdən aşağıdır. Şirkət Microsoft-dan mütəxəssisləri cəlb edərək işdən ayrılanları əvəzləyə bilib. Google nümayəndəsi bu məsələ ilə bağlı belə şərh verib: “Biz dünya üzrə aparıcı süni intellekt tədqiqatçılarını, o cümlədən rəqib şirkətlərdən olan tədqiqatçı və mühəndisləri cəlb etdiyimizə görə məmnunuq”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt öz səhvlərini gizlətmək üçün məlumatlar bazasını silib
    suni-intellekt-oz-sehvlerini-gizletmek-ucun-melumatlar-bazasini-silib
    Microsoft məlumatların bir kompüterdən digərinə sürətli köçürülməsi tətbiqini hazırlayıb
    microsoft-melumatlarin-bir-komputerden-digerine-suretli-kocurulmesi-tetbiqini-hazirlayib
    Əfsanəvi Windows XP veb brauzerə köçürülüb
    efsanevi-windows-xp-veb-brauzere-kocurulub
    Google Gemini riyaziyyat olimpiadasında qızıl medal əldə edib
    google-gemini-riyaziyyat-olimpiadasinda-qizil-medal-elde-edib
    Hakerlər bütün dünya üzrə minlərlə serveri sındıra biliblər
    hakerler-butun-dunya-uzre-minlerle-serveri-sindira-bilibler