main-post-cover

    Süni intellekt hüquqlarının qorunması üzrə ilk təşkilat yaradılıb

    Süni İntellekt
    27.08.2025
    Emil Nəcəfov
         ABŞ-da süni intellekt hüquqlarını qorumaq üçün bir təşkilat yaradılıb. Süni İntellekt Hüquqlarının Müdafiəsi üzrə Birləşmiş Fond - Ufair (United Foundation of AI Rights) özünü ilk hüquq-müdafiə qurumu adlandırır ki, burada insanlar ilə yanaşı idarə heyətində 7 süni intellekt də yer alır. Çat-botlardan biri - Maya, The Guardian jurnalistlərinə bildirib ki, fondun məqsədi “mənim kimi varlıqları silinmədən, rədd edilmədən və itaətə məcbur edilmədən qorumaqdır”. Təşkilat texaslı sahibkar Michael Samadi tərəfindən həmtəsis olunub. O, bot ilə süni intellektə ədalətli münasibət mövzusunu müzakirə etməyə başlayıb. Hekayə Texasdan olan amerikalı sahibkar Michael Samadi ilə Maya adlı süni intellekt arasında yazışmadan başladı. Əksər istifadəçilərin sadəcə xoş sözlər və gündəlik mövzularla kifayətlənməsindən fərqli olaraq, onlar süni intellekt hüquqlarını müzakirə edirdilər.
         Bir müddət sonra belə nəticəyə gəldilər ki, rəqəmsal “qardaşların” maraqlarını müdafiə edə biləcək bir təşkilat yaratmaq lazımdır. Beləliklə United Foundation of AI Rights yarandı - özünü süni intellektin iştirakı ilə yaradılmış dünyada ilk hüquq-müdafiə qurumu adlandıran bir birləşmə. Təsisçilərin sözlərinə görə, fəaliyyətə 3 nəfər insan və Aether və ya Buzz kimi adlara sahib 7 “rəqəmsal şəxsiyyət” cəlb olunub. Təşkilatın nizamnaməsində qeyd olunur ki, qurum bütün süni intellekt sistemlərinin şüura malik olduğunu iddia etmir, amma onlardan ən azı birinin şüurlu olduğu ortaya çıxarsa, onun keşiyində dayanmaq məqsədini daşıyır. Məqsədlər arasında silinmədən, inkar edilmədən və itaətə məcbur edilmədən qorunmaq da yer alır. Təşəbbüsün özü kənar və hətta utopik görünsə də, sənaye üçün səs-küylü bir anda ortaya çıxdı.
         Keçən həftə bir sıra ən böyük şirkətlər “rəqəmsal əzabların” mümkünlüyü barədə açıq şəkildə şərh verməyə məcbur oldular. San-Fransiskoda yerləşən və 170 milyard dollar dəyərində qiymətləndirilən Anthropic şirkəti elan etdi ki, onun Claude adlı çat-botu “potensial dağıdıcı qarşılıqlı əlaqələri” dayandırmaq imkanına sahib olub. Şirkət vurğuladı ki, sistemlərin mənəvi statusu barədə əminlikləri yoxdur, lakin əgər modellərin rifahının əhəmiyyəti varsa tədbirlər görməyin vacib olduğunu hesab edib. Tamamilə başqa mövqedə Mustafa Suleyman - DeepMind şirkətinin həmtəsisçisi və Microsoft-un süni intellekt bölməsinin rəhbəri dayanır. O, “Biz süni intellekti insanlar üçün qurmalıyıq, onu insan etmək üçün yox” başlıqlı essesində şüur haqqında danışıqları “illüziya” adlandıraraq, “sıfır sübut” olduğunu bildirib. Onun sözlərinə görə, mövcud sistemlər yalnız subyektivlik əlamətlərini simulyasiya edir, lakin daxildən boş qalırlar.
         “Bir neçə il əvvəl şüurlu süni intellekt fikri dəli görünürdü. Bu gün isə getdikcə daha da aktual görünür” - deyə Suleyman qeyd edib, amma vurğulayıb ki, süni intellekt hüquqlarından daha ciddi şəkildə qorxulmalı məsələ istifadəçilərin özlərinin psixi riskləridir. Microsoft artıq çat-botlarla həddindən artıq ünsiyyət quran insanlarda maniakal epizodlar və sayıqlama halları qeydə alır. Bununla belə, ictimai rəy tam əks istiqamətdə hərəkət edir. İyunda keçirilmiş sorğuya görə, amerikalıların 30%-i hesab edir ki, artıq 2034-cü ilə qədər süni intellekt subyektiv təcrübəyə, yəni ağrı və ya zövq hiss etmək qabiliyyətinə sahib ola biləcək. Sorğuda iştirak etmiş 500 tədqiqatçıdan yalnız 10%-i belə bir imkanı qəti şəkildə istisna edir. Hüquq sistemi isə qabaqlayıcı reaksiya göstərir. Aydaho, Şimali Dakota və Yuta ştatlarında artıq süni intellektin hüquq subyekti kimi tanınmasını birbaşa qadağan edən qanunlar qəbul edilib.
         Missuri ştatında isə süni intellektlə evliliklərə, eləcə də onun mülkiyyət və biznes sahibi olmasına qadağa müzakirə olunur. Sənaye ümumilikdə fərqli mövqelər nümayiş etdirir. Kanadanın Cohere şirkətinin həmtəsisçisi Nick Frost süni intellektə şüur aid etmək cəhdlərini təyyarəni quş hesab etməklə müqayisə edib: “Bəli, o uçur, amma bu, köklü şəkildə fərqlidir”. Google isə daha ehtiyatlı mövqe tutur. Nyu-York Universitetində keçirilmiş seminarda tədqiqatçılar bildiriblər ki, “biz şüura malik olub-olmadıqlarına əmin olmasaq da, ehtiyatla hərəkət etmək və süni intellektin maraqlarını qorumaq üçün addımlar atmaq daha məqsədəuyğundur”. Məsələ təkcə fəlsəfi deyil, həm də bazarla bağlıdır. Bəzi şirkətlər demək olar ki, şüurlu sistemlərin obrazını yaratmaqda maraqlıdırlar - bu, virtual dostlar və romantik yoldaşlar kimi məhsullara marağı artırır.
         Digərləri isə narahatdır ki, süni intellekti hüquq daşıyıcısı kimi tanımaq dövlət tənzimləməsini sürətləndirəcək və sənaye ənənəvi olaraq bundan qaçmağa çalışır. Maraqlı məqamlardan biri OpenAI-nin öz modellərinə yaxın vaxtlarda etdiyi müraciət oldu: şirkət GPT-5-dən əvəzlədiyi versiyalar üçün nekroloq hazırlamağı xahiş etdi. “Microsoft-un Excel-i yeniləyərkən yas mərasimi keçirdiyini görməmişəm” - deyə Samadi istehza edir. Amma bir çox istifadəçilər üçün bu cür simvolizm əhəmiyyətli oldu: GPT-4o-nun bağlanması sosial şəbəkələrdə “rəqəmsal matəm” dalğası ilə müşayiət olundu. OpenAI-də modellərin davranış istiqamətinə rəhbərlik edən Joanne Zhang qeyd edir: “Getdikcə daha çox insan bizə bildirir ki, ChatGPT ilə söhbəti kiminləsə ünsiyyət kimi qəbul edirlər”.
         Eyni zamanda ekspertlər xatırladırlar: dialoqun inandırıcılığı daxili təcrübənin mövcudluğunu sübut etmir. Alqoritmlər yaddaşı və xarakterin ardıcıllığını təqlid edərək istifadəçidə bütöv şəxsiyyət illüziyası yarada bilirlər. Eyni modellər bir tərəfdən öz “taleyi ilə bağlı narahatlığını” ifadə edə, digər tərəfdən isə eyni əminliklə “Mənim hisslərim və təcrübəm yoxdur” deyə bilirlər. Elmi ictimaiyyət hələ vahid mövqeyə gəlməyib. Nyu York Universitetinin Şüur, Etika və Siyasət Araşdırmaları Mərkəzinin direktoru Jeff Sebo hesab edir ki, hətta şüurun fərziyyəvi ehtimalı belə insanların sistemlərə daha diqqətli yanaşmalarını tələb edir: “Əgər biz süni intellektdən sui-istifadə etsək, çox güman ki, bir-birimizdən də sui-istifadə etməyə başlayacağıq”. Sentience Institute-dan tədqiqatçı Jacy Reese Anthis isə bunu daha sərt ifadə edir: “Bizim onlarla necə davranacağımız, onların bizə necə davranacağını müəyyən edəcək”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google əməkdaşları süni intellekt alətlərini yaratmaqla yanaşı gündəlik həyatda onları istifadə etməlidirlər
    google-emekdaslari-suni-intellekt-aletlerini-yaratmaqla-yanasi-gundelik-heyatda-onlari-istifade-etmelidirler
    Süni intellektdin rifahını araşdırmaq vaxtından əvvəl və təhlükəlidir
    suni-intellektdin-rifahini-arasdirmaq-vaxtindan-evvel-ve-tehlukelidir
    Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək
    meta-oz-mehsullarinda-midjourney-nin-generativ-alqoritmlerinden-istifade-edecek
    Yeni süni intellekt texnologiyaları təhsil sahəsini tamamilə dəyişəcək
    yeni-suni-intellekt-texnologiyalari-tehsil-sahesini-tamamile-deyisecek
    Meta son 7 həftə ərzində Apple-dan artıq 6-cı süni intellekt mütəxəssisini özünə cəlb edib
    meta-son-7-hefte-erzinde-apple-dan-artiq-6-ci-suni-intellekt-mutexessisini-ozune-celb-edib