main-post-cover

    Böyük Britaniyada vətəndaşlar ChatGPT-nin ödənişli versiyası ilə təmin oluna bilərlər

    Tech-Biznes
    26.08.2025
    Emil Nəcəfov
         OpenAI rəhbəri Sam Altman Böyük Britaniyanın texnologiyalar naziri Peter Kyle ilə bütün ölkəyə ChatGPT-nin ödənişli versiyasına çıxış imkanı verə biləcək mümkün çoxmilyardlıq müqavilə barədə danışıqlar aparıb. Ölkə hökuməti müəlliflik hüquqları, məxfilik və çat-botun cavablarının dəqiqliyi ilə bağlı tənqidlərə baxmayaraq, süni intellekti dövlət xidmətlərinə və təhsilə inteqrasiya etməyə çalışır. Müzakirə San-Fransiskoda OpenAI ilə Böyük Britaniya arasında əməkdaşlıq üzrə daha geniş danışıqların bir hissəsi olub. Görüşə yaxın mənbələrin məlumatlarına görə, təklifin dəyəri təxminən 2 milyard funt sterlinq ola bilərdi. Həmin mənbələrin sözlərinə görə, Kyle ideyanı ciddi qəbul etməyib, lakin danışıqlar onun ölkədə süni intellektin tətbiqinə dair marağını göstərib.
         OpenAI ChatGPT-nin pulsuz və ödənişli versiyalarını təklif edir. ChatGPT Plus adlı ödənişli abunə aylıq 20$-a başa gəlir və istifadəçilərə daha sürətli cavablar, eləcə də yeni funksiyalara üstünlüklü çıxış imkanı verir. Böyük Britaniya ödənişli abunələr üzrə OpenAI-nin ən böyük 5 bazarından biridir və milyonlarla britaniyalı hər gün pulsuz versiyadan istifadə edir. Kyle özü də işində aktiv şəkildə ChatGPT-dən istifadə edir, məsələn, ictimai çıxışlara hazırlaşmaq üçün. Nazir çat-botu “əla mentor” adlandırıb, xüsusilə də dərin anlama tələb edən mürəkkəb məsələlərdə. Yazda Kyle iki dəfə Altman ilə nahar edib, iyul ayında isə OpenAI ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu memorandum süni intellekt texnologiyalarının dövlət xidmətlərində, təhsildə, müdafiədə və ədliyyə sistemində istifadəsini genişləndirə bilər.
         Digər generativ süni intellekt alətləri kimi, ChatGPT mətnlər, şəkillər, videolar və musiqi yarada bilir ki, bu da müəlliflik hüquqlarına riayət olunması və təqdim edilən məlumatların dəqiqliyi ilə bağlı suallar doğurur. Böyük Britaniyada bu problemlər xüsusilə kəskindir, çünki müəlliflik hüququ haqqında qanunda planlaşdırılan dəyişikliklər şirkətlərə qorunan materiallardan süni intellektin öyrədilməsi üçün müəlliflərin birbaşa icazəsi olmadan istifadə etməyə imkan verir. Bu qərar incəsənət xadimlərinin, o cümlədən Elton John Tom Stoppard-ın tənqidinə səbəb olub. Narahatlıq var ki, hakimiyyətin yanaşması kiçik oyunçuların hesabına böyük texnologiya şirkətlərinə həddindən artıq üstünlük verir. Hökumət isə bu ittihamları rədd edir.
         Rəsmilərin sözlərinə görə, indiyədək vətəndaşlara ChatGPT Plus-a çıxış verilməsi ilə bağlı rəsmi təkliflər olmayıb. Elm və Texnologiyalar Nazirliyi bildirib ki, OpenAI və digər aparıcı şirkətlərlə infrastruktur sahəsində investisiya imkanlarını araşdırmaq, dövlət xidmətlərini yaxşılaşdırmaq və texnologiyaların tətbiqindən əvvəl təhlükəsizliyini yoxlamaq üzərində işləyir. Son aylarda OpenAI bir neçə hökumətlə danışıqlar aparıb və Birləşmiş Ərəb Əmirlikləri ilə ChatGPT-nin dövlət sektorlarında, o cümlədən nəqliyyat, səhiyyə və təhsil sahələrində tətbiqi barədə razılaşma imzalayıb. Eyni zamanda Böyük Britaniya ABŞ-dan süni intellekt sahəsinə investisiyaları cəlb etməyə çalışıb və OpenAI-nin rəqibləri olan Google Anthropic şirkətləri ilə sazişlər imzalayıb. Kyle qeyd edib ki, süni intellekt qlobal təsirin əsas amillərindən birinə çevriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk Apple və OpenAI-ya qarşı yeni məhkəmə iddiası qaldırıb
    elon-musk-apple-ve-openai-ya-qarsi-yeni-mehkeme-iddiasi-qaldirib
    ChatGPT öz cavablarının tərtibatında Google Search-ün məlumatlarından istifadə edir
    chatgpt-oz-cavablarinin-tertibatinda-google-search-un-melumatlarindan-istifade-edir
    Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş
    elon-musk-openai-nin-alinmasinda-mark-zuckerberg-in-de-istirak-etmesini-isteyirmis
    ChatGPT-dəki standart səs rejimi deaktiv ediləcək
    chatgpt-deki-standart-ses-rejimi-deaktiv-edilecek
    OpenAI 5$ dəyərində ChatGPT Go tarifini işə salıb
    openai-5-deyerinde-chatgpt-go-tarifini-ise-salib