main-post-cover

    ABŞ-da "beyin köçü" başlayıb: Səbəb nədir?

    Elm & Texnologiya
    24.04.2025
    Emil Nəcəfov
         ABŞ-da elmi maliyyələşmənin və qrantların Trump administrasiyası dövründə kəskin şəkildə azalması fonunda amerikalı alimlər getdikcə daha çox xaricdə iş axtarırlar. Nature Careers məlumatına görə, 2025-ci ilin yanvar-mart ayları arasında xaricdəki vakansiyalara müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32%, baxış sayı isə 41% artıb. Əksinə, xarici tədqiqatçıların ABŞ-da işləməyə marağı azalır. Bu vəziyyətdən Avropa universitetləri və Çin şirkətləri yararlanaraq amerikalı mütəxəssisləri cəlb etmək üçün xüsusi proqramlar həyata keçirirlər. Ötən ay ABŞ hakimiyyəti qəfil qərarla HIV/AIDS üzrə 200-dən çox elmi qrantın maliyyələşdirilməsini dayandırdı, COVID-19 araşdırmalarına ayrılan vəsaitlər azaldıldı, və Kolumbiya Universiteti Fələstinə dəstək aksiyaları səbəbilə 400 milyon dollar qrant vəsaitindən məhrum oldu.
         Bununla paralel olaraq qeyri-adi bir tendensiya müşahidə olunur: Xarici tədqiqatçılar tərəfindən ABŞ-a edilən müraciətlərin kəskin azalması və eyni zamanda ölkədən getməyi düşünən amerikalı alimlərin sayında artım. Belə ki, Kanadada karyera imkanları axtaran amerikalı alimlərin müraciətlərinin sayı 2025-ci ilin yanvar-mart aylarında, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41% artıb. Eyni zamanda, ABŞ-da işə qəbul üçün müraciət edən kanadalı tədqiqatçıların sayı isə 13% azalıb. Bir çox alimlər qəfil ləğv olunan qrantlar və maliyyələşmədəki qeyri-müəyyənliklərlə üzləşirlər ki, bu da onların peşəkar gələcəyini təhlükə altına salır. Xüsusilə iqlim dəyişikliyinin sağlamlığa təsiri kimi həyati vacib sahələrdə artıq verilmiş elmi qrantların ləğvi ciddi narahatlıq doğurur.
         2024-cü ilin fevralında aparılmış bir sorğuda postdoktorantura mərhələsində olan 293 elmi əməkdaşın təxminən 43%-i öz vəziyyətlərini qeyri-sabit olaraq qiymətləndirib, 35%-i elmi tədqiqat prosesinin pozulması ilə qarşılaşıb, 9%-i isə iş yerində sərbəst fikir bildirməkdə çətinlik çəkdiyini bildirib. Avropa universitetləri ABŞ-dan kütləvi şəkildə ayrılmaq ehtimalı olan alimləri cəlb etməyə fəal şəkildə çalışırlar. Məsələn, Fransada Ex-Marsel Universiteti mart ayının əvvəlində “Safe Place for Science” adlı təşəbbüsə start verərək, iqlim, səhiyyə, ekologiya və sosial elmlər sahəsində çalışan 15 tədqiqatçıya dəstək məqsədilə öz büdcəsindən 15 milyon avro ayırıb. Proqrama müraciətlərin rekord səviyyədə - 298 müraciətlə - daxil olmasından sonra qəbulu müvəqqəti olaraq dayandırılıb.
         Almaniyada da bu cür təşəbbüslər ortaya çıxıb. Mart ayında Nature Careers platformasında Avropada yerləşdirilmiş vakansiyalara amerikalı alimlər tərəfindən edilən müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32%, baxış sayı isə 41% artıb. Eyni zamanda, Avropa tədqiqatçılarının ABŞ institutlarına göndərdikləri müraciətlərin sayı isə 41% azalıb. Bununla yanaşı, Asiya ölkələrindən edilən müraciətlərin də artdığı müşahidə olunur ki, bu da alimlərin istiqamət dəyişdirdiyini və artıq ABŞ yerinə Avropanı üstün tutduğunu göstərə bilər. Lakin köç etməyi planlaşdıran tədqiqatçılar geniş məşğulluq imkanlarına arxalanmamalıdırlar.
         Avropa Universitetləri Assosiasiyası (EUA) artan qeyri-sabitlik barədə xəbərdarlıq edib: Bir sıra ölkələrdə dövlət maliyyələşdirilməsinin azalması və qlobal siyasi gərginlik akademik sektorun əvvəlki dayanıqlı inkişaf modelini şübhə altına atır. Bu vəziyyət ümumilikdə regionda iqtisadi durğunluğun göstəricisidir - ötən il Avropa Birliyinin ÜDM artımı cəmi 1% təşkil edib, halbuki bu göstərici dünya üzrə 3.2% idi. Bu fərq elmin maliyyələşdirilməsi imkanlarına birbaşa təsir göstərir. Çin də amerikalı alimlər uğrunda mübarizəyə qoşulub.
         Politico portalının mart ayında verdiyi məlumata görə, çinli işəgötürənlər sosial şəbəkələrdə işdən çıxarılmış amerikalı tədqiqatçılar üçün hədəflənmiş elanlar yerləşdirir və onlara “Şençjendə karyera və biznes imkanlarını inkişaf etdirməyi” təklif edirlər. Nature Careers platformasının statistikası ABŞ tərəfindən bu istiqamətdə marağın əhəmiyyətli dərəcədə artdığını göstərir. 2024-cü ilin birinci rübündə Çindəki vakansiyaların baxış sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30%, müraciətlərin sayı isə 20% artıb. Amerikalı alimlərin digər Asiya ölkələrinə marağı 34% artıb, həmin ölkələrə edilən müraciətlərin sayı isə 39% yüksəlib.
    Mənbə: Nature.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni kosmoloji fərziyyə Böyük partlayışı inkar edir
    yeni-kosmoloji-ferziyye-boyuk-partlayisi-inkar-edir
    Hubble kosmik teleskopunun 35 yaşı tamam olub
    hubble-kosmik-teleskopunun-35-yasi-tamam-olub
    Kosmosda iki obyekti birləşdirən "körpü" kəşf edilib
    kosmosda-iki-obyekti-birlesdiren-korpu-kesf-edilib
    Ulduzu ətrafında hər dövr ərzində buxarlanan planet kəşf edilib
    ulduzu-etrafinda-her-dovr-erzinde-buxarlanan-planet-kesf-edilib
    Avropa kosmosda qida məhsullarının istehsalını təcrübədən keçirəcək
    avropa-kosmosda-qida-mehsullarinin-istehsalini-tecrubeden-kecirecek