main-post-cover

    ABŞ-ın yeni Ay yarışında Çinə uduzması böyük geosiyasi nəticələrə səbəb olacaq

    Elm & Texnologiya
    19.08.2025
    Emil Nəcəfov
         Yayın 2 ayı ərzində Çin Ayda insanın enişi üçün vacib olan bir sıra əsas sınaqları həyata keçirib: daşıyıcı raket, kosmik gəmi və eniş modulu. Bu, Çinin insanları Ayın səthinə ən gec 2030-cu ilə qədər endirmə planlarını və imkanlarını təsdiqləyir. Bu fonda ABŞ zəif görünür, baxmayaraq ki, ilk dəfə olaraq Ay səthinə ayaq basmış məhz amerikalı olmuşdu. Ekspertlərin fikrincə, bu dəfə ABŞ Çinə uduzacaq və bu, geosiyasi nəticələrə səbəb olacaq. Keçən cümə günü Çində Changzheng-10 (Long March 10) raket blokunun statik yanacaq sınaqları keçirildi. Bu blok 7 ədəd YF-100K mühərriki ilə təchiz olunub və kerosinlə maye oksigen qarışığı vasitəsilə işləyir. Belə 3 blok birlikdə 70 tonluq faydalı yükü Yerətrafı orbitə çıxarmaq gücünə malikdir. Bu raket Çin üçün Ayın mənimsənilməsində əsas "işçi qüvvəsi" olacaq. Bundan 1 həftə əvvəl isə Ay eniş modulu olan Lanyue-nin demək olar ki, dəqiq maketi sınaqdan keçirilib.
         Ay cazibəsinin imitasiyası ilə qurulmuş test stendində modulun Ay səthinə enişi və oradan qalxışı simulyasiya edilib. Nəhayət, yay aylarının əvvəlində pilotlu Mengzhou kosmik gəmisinin fövqəladə xilasetmə sistemi sınaqdan keçirilib. Məhz bu gəmi çinliləri Ay orbitinə çatdıracaq. Bütün bu sınaqlar və ya haqqında məlumat verilməyən, yaxud yalnız minimal məlumat paylaşılan digər testlər Çinin Ayın səthinə insan göndərmək planlarına sadiqliyini təsdiqləyir. Digər tərəfdən, ABŞ “Artemis” proqramının icrasında daha az ardıcıldır. NASA-nın büdcəsində qeyri-sabitlik müşahidə olunur, podratçılar isə nə təqvimə, nə də müqavilə ilə razılaşdırılmış məbləğlərə əməl edirlər. NASA “Artemis” proqramının qarşılaşdığı ən ciddi problemlərdən biri SpaceX şirkətinə məxsus çoxistifadəli Starship kosmik gəmilərinin hələ də tam hazır olmamasıdır.
    Çin eniş modulu prototipinin Aya eniş imitasiyası:
         Elon Musk bu proqramda çoxistifadəli daşıyıcı raketlərə və orbitdə kosmik gəmilərin yanacaqla doldurulmasına güvənir. Bu yanaşma Ayın səthinə və onun orbitinə daha çox faydalı yük çatdırmağa imkan verməlidir. Lakin bu konsepsiyanın tam işləkliyini təsdiqləyən sübutlar hələ yoxdur. SpaceX-in 2030-cu ilə qədər hər şeyi tam hazırlayıb çatdırması olduqca az ehtimallıdır. Bu isə Çinə ilk mərhələdə üstünlük qazandıracaq, lakin uzunmüddətli perspektivdə ABŞ-ın xeyrinə işləyə bilər. Ars Technica internet nəşri, kosmik uçuşlar üzrə ekspert Eric Berger vasitəsilə Çin və ABŞ-ın xarici siyasət münasibətləri üzrə mütəxəssis Dean Cheng-ə müraciət edərək Çinin Aya insan göndərməkdə ilk olması halında bunun ABŞ və ümumilikdə Qərb dünyası üçün hansı nəticələrə səbəb ola biləcəyini öyrənmək istəyib.
         “Hadisələrin gedişatına baxaraq demək olar ki, təəssüf ki, çinlilərin NASA Aya qayıtmamışdan əvvəl oraya enmələri tamamilə mümkündür. Çinin ABŞ-ı Ayın mənimsənilməsində (bizim geri qayıtmağa çalışdığımız yerə) qabaqlamasının geosiyasi nəticələri möhtəşəm olacaq” - deyə vəziyyəti Dean Cheng şərh edib. Bu, ABŞ-ın istisnalığının sonu demək olacaq. Bu o deməkdir ki, Çin böyük miqyaslı layihələri həyata keçirməyə qadirdir, Birləşmiş Ştatlar isə yox. ABŞ hətta 50 (və ya daha çox) il əvvəl həyata keçirdiyi uğurları belə təkrarlaya bilmir. Bu vəziyyət ABŞ-ın müttəfiqlərində məyusluq, rəqiblərində isə ruh yüksəkliyi yaradacaq. Eyni zamanda tərəddüd edənlərin seçimlərinə təsir göstərəcək. Daha da önəmlisi, bu, ABŞ-ın siyasi və sosial kursunu sarsıdacaq və Çin siyasətinin tarixi əhəmiyyətə malik layihələrin həyata keçirilməsi baxımından daha dayanıqlı olduğunu sübut edəcək.
         Aydındır ki, Ayın kolonizasiyasına ilk başlayan tərəf olaraq Çin naviqasiya, məlumat ötürülməsi və hətta baza inşası sahəsində öz standartlarını tətbiq edəcək. Bu isə çin dilini Ay ətrafı məkan üçün aparıcı dilə çevirə bilər. Çin Ayın ən əlverişli bölgələrində bazalar üçün yerləri öncədən tutmaq imkanına sahib olacaq. Ekspertin fikrincə, ABŞ-ın üstünlüyü yalnız kağız üzərində mövcuddur. Lakin ölkənin dünyanın ən güclü iqtisadiyyatlarından biri, elmi icması və müttəfiqləri kimi hələ də güclü potensialı qalır. Sadəcə ardıcıl olmaq və məsələn, Donald Trump administrasiyasının hazırkı planlarında olduğu kimi Ayla Mars arasında tərəddüdlər etməmək lazımdır. ABŞ-ın sözün əsl mənasında səylərini cəmləşdirməsi, yenilənmiş bir kosmik proqram yaratması və ətrafında biznes və müttəfiqləri birləşdirməsi vacibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinlilər elektromobillərin yürüş məsafəsini artıran litium-metal batareyasını hazırlayıblar
    cinliler-elektromobillerin-yurus-mesafesini-artiran-litium-metal-batareyasini-hazirlayiblar
    Çində okean dərinliklərini müşahidə etmək üçün balıq robot hazırlanıb (VİDEO)
    cinde-okean-derinliklerini-musahide-etmek-ucun-baliq-robot-hazirlanib-video
    Çində hərbi ekzoskeletin istifadəsi ilə təlim keçirilib
    cinde-herbi-ekzoskeletin-istifadesi-ile-telim-kecirilib
    Çinlilər süni uşaqlığa sahib robot hazırlayıblar
    cinliler-suni-usaqliga-sahib-robot-hazirlayiblar
    İnteqrasiya olunmuş süni intellektə sahib ilk beyin implantı hazırlanıb
    inteqrasiya-olunmus-suni-intellekte-sahib-ilk-beyin-implanti-hazirlanib