main-post-cover

    Kainatdakı ilk ulduzlar ilkin qara dəliklər vasitəsilə formalaşmış ola bilərlər

    Elm & Texnologiya
    04.08.2025
    Emil Nəcəfov
         Araşdırma göstərib ki, kütləsindən və sayından asılı olaraq ilkin qara dəliklər ilk ulduzların yaranma prosesini həm sürətləndirə, həm də ləngidə bilərdi. Astronomlar hesab edirlər ki, Böyük partlayış zamanı yaranmış ilkin qara dəliklər kainatda ilk ulduzların formalaşmasında mühüm rol oynamış ola bilər. Bu nəticələr ilkin qara dəliklərin kainatın ən sirli maddəsi olan qaranlıq materiyanın namizədi kimi nə dərəcədə uyğun olduğunu qiymətləndirməyə kömək edə bilər. Lakin alimlər hələ də əmin deyillər ki, bu qara dəliklər ulduzların yaranmasına təkan veriblər, yoxsa əksinə, onların doğulmasını əngəlləyiblər. Aparılmış modelləşdirmə göstərib ki, ilkin qara dəliklər kütlə və miqdardan asılı olaraq ya ulduzların yaranmasını sürətləndirə, ya da ləngidə bilərdi. Hesab olunur ki, ilkin qara dəliklər erkən kainatda maddənin sıxlıq dalğalanmaları nəticəsində yaranıb.
         Bu, ulduz kütəli qara dəliklərin mənşəyindən fərqlənir - onlar, adətən, ömrünün sonunda supernova kimi partlayan nəhəng ulduzların qalıqlarıdır. Bu isə o deməkdir ki, ilkin qara dəliklərin yaranması üçün ulduzların mövcudluğu zəruri deyildi. Bundan əlavə, bu cür qara dəliklər üçün kütlə baxımından hər hansı məhdudiyyət yoxdur, çünki onların ilkin kosmik materialdan formalaşdığı düşünülür və ulduzların kütləsi ilə məhdudlaşmırdılar. Lakin hələlik ilkin qara dəliklər müşahidə olunmadığı üçün astronomlar onlar barədə dəqiq bir şey söyləyə bilmirlər. Tədqiqat müəllifləri hesab edirlər ki, ilkin qara dəliklər ilk ulduzların yaranmasında mühüm rol oynamış ola bilərlər. Kütləvi ilkin qara dəliklər güclü cazibə mərkəzləri kimi çıxış edə bilərdilər. Erkən kainatda onlar qaz və qaranlıq materiyanı sürətlə özünə cəlb edərək kiçik qalaktikaların və ulduzların formalaşmasını başladırdı. Bu, bəzi ən qədim tanınan qalaktikaların Böyük partlayışdan sonra necə bu qədər sürətlə formalaşa bildiyini izah edə bilər.
         Lakin modelləşdirməyə əsasən, ilkin qara dəliklər ulduzların yaranmasında müsbət rol oynamaq üçün müəyyən bir kütləyə sahib olmalıdırlar. Erkən ulduz əmələgəlmə prosesini sürətləndirmək üçün bu qara dəliklər kifayət qədər kütləli olmalı, təxminən Günəşin kütləsindən 1000-10 000 dəfə böyük olmalıdır. Alimlərin fikrincə, bu ölçülərdə və yetərli sayda olduqda, onlar ilk ulduzların yaranma sürətinə nəzərəçarpacaq təsir göstərə bilərlər. Daha kütləli ilkin qara dəliklər bunu maddənin sıxlıq dalğalanmalarını artırmaqla həyata keçirir. Bu isə qaranlıq materiyanın təkcə nəzəri baxımdan mövcud olan “halo” adlanan geniş yığıntılarının əmələ gəlməsinə səbəb olur. Bu yığıntıların içində isə ulduz və qalaktikaların “inşa blokları” toplana bilir.
         Lakin əgər bu cür kütləli ilkin qara dəliklər çoxlu sayda olarsa, ulduzlar və qalaktikalar həddindən artıq sürətlə formalaşar ki, bu da erkən kainatın məlum mənzərəsinə uyğun gəlmir. Həmçinin, astronomlar müəyyən ediblər ki, kütləsi Günəşin 100 kütləsindən az olan ilkin qara dəliklər maddənin sıxlıq dalğalanmalarını artırmır. Əksinə, modelləşdirmə göstərib ki, kifayət qədər sayda bu cür az kütləli ilkin qara dəliklər olduqda, onların cazibə qüvvəsi qaz buludlarında qabarma və çəkilmə qüvvələri yaradır və bu buludları qızdırır. Bu isə ulduzların yaranmasına mane olur, çünki ulduzlar yalnız soyuq və son dərəcə sıx qaz yığıntılarının öz cazibəsi altında sıxılması nəticəsində formalaşır. Erkən kainatda az kütləli ilkin qara dəliklərin sayı nə qədər çox olarsa, qaz bir o qədər çox qızır və nəticədə ulduzların yaranma prosesi bir o qədər ləngiyir.
         Alimlərin sözlərinə görə, ilkin qara dəliklərin kütləsi və sayı tam ideal şəkildə uyğun olmalıdır ki, onlar ilk ulduzların yaranmasına töhfə verə bilsin. İlkin qara dəliklər hələlik sadəcə fərziyyə olaraq qalır. Lakin alimlərin bu qara dəliklərin erkən ulduz əmələgəlmədəki rolu barədə nəzəriyyəsini sübut edən dəlillər tapmaq mümkündür. Astronomların fikrincə, bəzi ən ekstremal ssenarilərdə ulduzların yaranması Böyük partlayışdan cəmi 15 milyon il sonra başlaya bilər. Bu isə mövcud modellərin göstərdikləri 100-200 milyon illik müddətdən xeyli əvvəl baş verir. Əgər kainatın çox erkən inkişaf mərhələlərində formalaşan qalaktikalar və ya ulduzlar aşkarlansa, bu, ilkin qara dəliklərə bənzər bir şeyin ulduzların və kosmik strukturların daha sürətli yaranmasına səbəb olduğunu təsdiqləyə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni üsul torpağın münbitliyini 3000 il əvəzinə bir neçə həftəyə bərpa edir
    yeni-usul-torpagin-munbitliyini-3000-il-evezine-bir-nece-hefteye-berpa-edir
    Mars buzlaqlarının tərkibinin 80%-dən çoxu su buzundan ibarətdir
    mars-buzlaqlarinin-terkibinin-80-den-coxu-su-buzundan-ibaretdir
    Günəş sistemindəki 3-cü ulduzlararası kometa barəsində yeni məlumatlar əldə edilib
    gunes-sistemindeki-3-cu-ulduzlararasi-kometa-baresinde-yeni-melumatlar-elde-edilib
    Kosmik şüalar buz planetlərinin dərinliklərindəki potensial həyatı dəstəkləyə bilərlər
    kosmik-sualar-buz-planetlerinin-derinliklerindeki-potensial-heyati-destekleye-bilerler
    Kosmosda hamiləlik keçirtmək mümkündürmü?
    kosmosda-hamilelik-kecirtmek-mumkundurmu