
Kosmoloji model ilə uyğunlaşmayan 3 qeyri-adi qalaktika kəşf edilib
Elm & Texnologiya
05.05.2025
Emil Nəcəfov
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə gözlənilməz bir kəşf ediblər. Onlar, Böyük partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş 3 çox qəribə qalaktika aşkar ediblər. Bu qalaktikaların əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin dövr üçün olduqca kütləvi və parlaqdırlar - bu isə kainatın tarixində bu qədər erkən bir mərhələyə uyğun gəlmir. Xatırladaq ki, Webb kosmik teleskopu 2022-ci ilin yayında Yer kürəsindən 1.5 milyon km uzaqlıqda fəaliyyətə başlayıb. O, ən uzaq - yəni ən qədim - qalaktikaları müşahidə etməyə imkan verən xüsusi infraqırmızı cihazlarla təchiz olunub.

Bu illər ərzində Webb teleskopu vasitəsilə astronomlar kosmosun anlaşılmasını yaxşılaşdıran bir sıra mühüm kəşflər ediblər. Lakin bəzən bu kəşflər yeni sirrləri də ortaya çıxarır. Məhz bu sonuncu kəşf həmin sirli hallara aiddir. Standart kosmoloji model olan Lambda-CDM modelinə görə, kainat 13.8 milyard il əvvəl Böyük partlayış nəticəsində yaranıb. Cəmi bir neçə 100 milyon il sonra ilk qalaktikaların formalaşması başlayıb. Lakin bu kosmoloji modelə əsasən, həmin qalaktikalar ulduzların yavaş-yavaş yaranması hesabına kütləni tədricən toplayıb və kainatın ilk 1 milyard ili ərzində bu qalaktikalar kiçik və solğun olub. Lakin astronomlar erkən kainatda daha əvvəl məlum olmayan üç qalaktika aşkar ediblər ki, onların kütləsi və parlaqlığı tədqiqatçıları təəccübləndirib.
James Webb teleskopu:

Bu qalaktikalar çoxsaylı ulduzlar səbəbilə parlaqdır, lakin belə bir halın o dövrdə mövcud olması nəzəri olaraq mümkün deyil. Astronomlar bildirirlər ki, bu yeni kəşf kainatın tarixini, xüsusən də ilk qalaktikaların formalaşma modellərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Bu üç qalaktikanın tərkibində çoxlu toz olduğu üçün onlar qırmızımtıl bir rəng alır. Hər üç qalaktikanın kütləsi demək olar ki, bizim Süd Yolu qalaktikamızla eynidir. Süd Yolunun kütləsi təxminən 1 trilyon Günəş kütləsinə bərabər hesab olunur. Bu kütləyə çatmaq üçün Süd Yolu milyardlarla il ərzində ulduzlar yaratmalı olub, lakin yeni kəşf qalaktikaların formalaşması haqqında anlayışı dəyişir.
Bu qalaktikalar kainatın ilk milyard ilində mövcud olmaq üçün çox kütləli və parlaqdırlar. Alimlər müəyyən ediblər ki, bu qalaktikalarda ulduzlararası qazın yarısı artıq ulduza çevrilib. Halbuki eyni dövrdəki digər qalaktikalarda bu rəqəm 20%-i keçməyib. Yəni bu qalaktikalarda ulduzların yaranma sürəti, həmin dövrün digər qalaktikaları ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir, özü də onlar daha sonrakı dövrlərdə yaranmış qalaktikalardan belə üstündür. Kosmoloji modellərə əsasən, bir çox qalaktikalar hətta bir neçə milyard il ərzində qazlarının 20%-dən çoxunu ulduzlara çevirə bilmirlər.

Bu o deməkdir ki, erkən kainatda indiyə qədər naməlum olan müəyyən şərtlər ulduzların sürətli yaranmasına imkan verib və bunun sayəsində nisbətən qısa kosmik zaman kəsiyində çox kütləli qalaktikalar formalaşa bilib. Alimlərin sözlərinə görə, qalaktikalar ulduzlararası qazın ulduzlara çevrilməsi prosesinin daha səmərəli olması sayəsində kütləni daha sürətlə toplaya biliblər. Bunun niyə baş verdiyi isə hələlik astronomlara məlum deyil. Webb teleskopu bu uzaq qalaktikalardan gələn və bizə 13 milyard ildən çoxdur ki, səyahət edən işığı tutduğu üçün, astronomlar sözügedən qalaktikaların o dövrdə necə göründüyünü müşahidə edə biliblər. Lakin onların sonradan başına nə gəldiyini öyrənmək hələlik mümkün deyil. Ola bilsin ki, bu üç qalaktika astronomlara hələ məlum olmayan, formalaşma və inkişaf prosesi tamamilə fərqli olan bir qalaktikalar qrupuna aiddir.
Mənbə: Earth.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib

James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib
James Webb kosmik teleskopunun sensorlarının həssaslığı -198.15 dərəcə Selsiyə qədər temperaturu olan çox soyuq kosmik obyektləri aşkar etmək üçün kifayət etməlidir.
Kainatdakı ən parlaq işıq gözlənilməz mənbəyə sahibdir

Kainatdakı ən parlaq işıq gözlənilməz mənbəyə sahibdir
Ən parlaq işıq mənbələri əslində özləri işıq yarada bilməyən obyektlər tərəfindən meydana gəlir. Bu qəribə səslənsə də, kainatdakı ən parlaq işığı qara dəliklər yaradırlar. Daha dəqiq desək, qara dəliklərin ətrafında yerləşən sahələr kainatın ən parlaq işıq mənbələridir. Bu sahələr o qədər parlaq ola bilər ki, yerləşdikləri qalaktikadakı bütün ulduzların işığını belə kölgədə qoyurlar.
İçməli sudan mikroplastik hissəcikləri tamamilə aradan qaldırmaq mümkün deyil

İçməli sudan mikroplastik hissəcikləri tamamilə aradan qaldırmaq mümkün deyil
Plastikdən yaranan mikroskopik hissəciklər təkcə insanlar üçün deyil, Yer üzündəki bütün canlılar və ümumilikdə planet üçün getdikcə daha böyük problemə çevrilir. Planetin bir çox insanı da bu xırda və təhlükəli hissəciklərlə çirklənib və təmizləyici qurğulardakı texnoloji nailiyyətlər belə bu problemi həll edə bilmir.
Kəşf edilmiş nəhəng kosmik struktur kainatda mövcud olmamalıdır

Kəşf edilmiş nəhəng kosmik struktur kainatda mövcud olmamalıdır
Astronomlar bizdən 6.9 milyard işıq ili uzaqlıqda yerləşən, qalaktikalardan ibarət olan və forması halqanı xatırladan nəhəng bir obyekt kəşf ediblər. Bu halqanın diametri təxminən 1.3 milyard işıq ili təşkil edir.
Ölüm anında beynin aktivliyi müşahidə edilib

Ölüm anında beynin aktivliyi müşahidə edilib
İnsanlar ölümə dair yaşadıqları təcrübələri danışmağa başladıqdan bəri, “həyatın göz önündən keçməsi” ideyası alimlərin diqqətini cəlb edib. Lakin bu fikir uzun müddət yalnız nəzəriyyə səviyyəsində qalmışdı.
Həftənin xəbərləri

