
Nəyə görə biz heç zaman teleskoplar vasitəsilə Böyük partlayışı müşahidə edə bilməyəcəyik?
Elm & Texnologiya
05.08.2025
Emil Nəcəfov
Kosmosu müşahidə həmişə keçmişə bir baxış deməkdir. Lakin bu baxışın keçə bilmədiyi təbii bir sərhəd var. İşıq həmişə eyni sürətlə (saniyədə 300 000 km) hərəkət edir, buna görə də biz nəyə baxırıqsa, əslində onu keçmişdə olduğu kimi görürük. Gündəlik həyatda bu ciddi fərq yaratmasa da, kosmosa baxış zamanı bu amil çox böyük əhəmiyyət kəsb edir. Məsələn, biz Aya baxanda, Yerə əks olunan günəş işığının bizə çatması üçün keçdiyi məsafəni nəzərə alsaq, onu indiki halda deyil, bir qədər əvvəl - təxminən bir saniyə öncəki halında görürük. İşıq astronomlara kainatı araşdırmaqda, keçmişə nəzər salmaqda yardım edir. Məhz bu cür müşahidələr sayəsində alimlər ulduzların, planetlərin və qalaktikaların milyardlarla il ərzində necə təkamül etdiklərini müəyyənləşdiriblər. Lakin biz keçmişə nə qədər dərindən baxsaq da, kainatın ən başlanğıc anını heç vaxt görə bilməyəcəyik. Bu mümkün deyil və bunun səbəbi var.

Astronomlar artıq kainatda sərbəst şəkildə hərəkət edə bilmiş ilk işığı kəşf ediblər. Bu işığa fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması) deyilir. O, Böyük partlayışın əks-sədasıdır. Təxminən Böyük partlayışdan 380 000 il sonra bu ilk işıq kainatda sərbəst şəkildə hərəkət etməyə başladı. Bundan əvvəl işıq kainatda sərbəst hərəkət edə bilmirdi, çünki enerjisi çox yüksək idi. Atom nüvələrini təşkil edən proton və neytronlar, eləcə də onların ətrafındakı elektronlar Böyük partlayışdan bir neçə dəqiqə sonra yaranmışdı. Həmçinin çox yüksək enerjiyə malik işıq mövcud idi. Bu səbəbdən hər dəfə bir atom formalaşmağa başlayanda, işıq bir elektrona hoparaq onu nüvədən - yəni proton və neytronlardan - ayırırdı. Bu proses bütün kainatda baş verirdi. Atomlar elektronları tuta bilmirdi, çünki işıq onları dərhal həyəcanlandıraraq atomları parçalayırdı.
Fon radiasiyası:

İşıq baxımından desək, o, bir elektrondan digərinə atlanaraq dayanmadan hərəkət edirdi. Yalnız kainat genişlənib soyuduqca atomlar nəhayət maneəsiz şəkildə formalaşmağa başladı və bu an ilk işığın sərbəst hərəkət etməsinə şərait yarandı. Məhz buna görə biz kainatın ən başlanğıcında nə baş verdiyini görə bilmirik. İşığın Böyük partlayışdan bizim teleskoplara qədər sərbəst hərəkət edə biləcəyi bir yolu mövcud deyil. Alimlər fon radiasiyasından o tərəfi görə bilmirlər. Bu işıq kainatın ilk işığıdır və elektromaqnit şüalanması vasitəsilə kainatı öyrənmək imkanlarımızın son sərhədidir. Lakin kainatda işıqdan da uzağa çıxa bilən iki komponent mövcuddur, çünki onlar materiya ilə demək olar ki, heç bir qarşılıqlı təsirə malik deyillər. Birinci komponent neytrino adlanan hissəcikdir. O, çox kiçik kütləyə malikdir və elektrik yüklü deyil, buna görə də neytrinolar maddə ilə demək olar ki, heç qarşılıqlı təsirə girmirlər.

Alimlər hesab edirlər ki, Yerə çatan neytrinoların bir hissəsi Böyük partlayışdan qaynaqlanır. Bu hadisə neytrino fon radiasiyası adlanır. İkinci komponent qravitasiya dalğaları adlanır. Bunlar supernova partlayışları və ya qara dəliklər kimi çox sıx obyektlərin toqquşması kimi nəhəng qravitasiya hadisələri nəticəsində yaranan, zaman-məkanın çətin sezilən dəyişiklikləridir. Eyni zamanda kainatda qravitasiya dalğalarının fonu da mövcuddur - bu, bir-birinin ətrafında fırlanan nəhəng qara dəliklərin hərəkəti, Böyük partlayışın təsirləri və kosmik inflyasiya kimi tanınan, kainatın erkən həyatının fərziyyəvi mərhələləri ilə bağlıdır. Neytrinoları və qravitasiya dalğalarını öyrənmək olduqca çətindir, buna görə alimlər hələ Böyük partlayışdan gələn bu növ siqnalları birbaşa müşahidə etməyiblər. Bununla belə, son araşdırmalar onların mövcudluğuna işarə edirlər. İşıq bütün formalarında kainatı anlamaqda əsas rol oynayır, lakin alimlər işığın müşahidə sərhədinə çatdıqda belə, bu sərhədi keçməyin mümkün yollarını tapa bilmiş ola bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünya əhalisinin sayı gözləniləndən daha tez pik həddə çata bilər

Dünya əhalisinin sayı gözləniləndən daha tez pik həddə çata bilər
BMT-nin proqnozlarına görə, Yer kürəsinin əhalisi 21-ci əsrin sonuna qədər 10.4 milyard nəfərlə zirvəyə çatacaq. Lakin Gates Fondu tərəfindən maliyyələşdirilən yeni bir tədqiqat artımın daha erkən yavaşlayacağını və 2100-cü ilə qədər maksimum 8.8 milyard nəfərə çatacağını göstərir.
James Webb 250 000-dən çox qalaktikanı bir fotoda əks etdirib

James Webb 250 000-dən çox qalaktikanı bir fotoda əks etdirib
James Webb kosmik teleskopu NASA-nın, Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyinin (CSA) birgə layihəsidir. Bu teleskop 2500-dən çox qalaktikanın əks olunduğu yeni, təsirli bir görüntünün əsas məlumat mənbəyi olub.
Kainatdakı ilk ulduzlar ilkin qara dəliklər vasitəsilə formalaşmış ola bilərlər

Kainatdakı ilk ulduzlar ilkin qara dəliklər vasitəsilə formalaşmış ola bilərlər
Araşdırma göstərib ki, kütləsindən və sayından asılı olaraq ilkin qara dəliklər ilk ulduzların yaranma prosesini həm sürətləndirə, həm də ləngidə bilərdi. Astronomlar hesab edirlər ki, Böyük partlayış zamanı yaranmış ilkin qara dəliklər kainatda ilk ulduzların formalaşmasında mühüm rol oynamış ola bilər.
Yeni üsul torpağın münbitliyini 3000 il əvəzinə bir neçə həftəyə bərpa edir

Yeni üsul torpağın münbitliyini 3000 il əvəzinə bir neçə həftəyə bərpa edir
Almaniyanın Humify startapı torpağın münbitliyinin bərpasına imkan verən bir texnologiya hazırlayıb. Bu texnologiya təbiətdə təxminən 3000 il çəkən təbii regenerasiya prosesini cəmi bir neçə həftəyə endirməyə imkan verir.
Mars buzlaqlarının tərkibinin 80%-dən çoxu su buzundan ibarətdir

Mars buzlaqlarının tərkibinin 80%-dən çoxu su buzundan ibarətdir
Yeni radiolokasiya məlumatlarının təhlili indiyədək Marsın orta enliklərində yerləşən nəhəng buzlaqların tərkibi haqqında ən inandırıcı sübutları təqdim edir: bu buzlaqlar əsasən qaya deyil, 80%-dən çox dərəcədə son dərəcə təmiz su buzundan ibarətdir.
Həftənin xəbərləri

