main-post-cover

    Qarışıq reallıq üçün hazırlanmış ən qabaqcıl holoqrafik eynək prototipi təqdim edilib

    Elm & Texnologiya
    30.07.2025
    Emil Nəcəfov
         Stenford Universitetinin alimləri bu günə qədər qarışıq reallıq üçün hazırlanmış ən qabaqcıl holoqrafik eynəyi təqdim ediblər. Bu eynək müasir AR (artırılmış reallıq) qurğularından əsaslı şəkildə fərqlənərək kompakt və yüngüldür. Onu saatlarla taxmaq mümkündür və istifadəçi reallıqla kompüter simulyasiyası arasında fərqi hiss etmir. Lakin bütün bunlar hələ gələcək üçündür - prototip hələ kütləvi istehsala hazır deyil. Yeni texnologiya elektrik mühəndisliyi üzrə professor Gordon Wetzstein-in rəhbərlik etdiyi alimlər komandası tərəfindən hazırlanıb. Bu, reallıqla fantaziya arasındakı sərhədləri aradan qaldırmağı hədəfləyən inqilabi holoqrafik eynəyin hazırlanmasının ikinci mərhələsidir. Ötən il komanda yüngül və nazik taxıla bilən ekranların yaradılmasına yol açan yastı dalğa bələdçisini (flat waveguide) hazırladıqlarını elan etmişdi.
         Bu gün isə alimlər daha mürəkkəb mühəndislik həlləri əsasında tam işlək vəziyyətdə olan bir başlıq prototipi təqdim ediblər. “Gələcəkdə virtual reallıq üçün olan ekranların əksəriyyəti holoqrafik olacaq” - deyə laboratoriyasının son layihəsini nümayiş etdirən Gordon Wetzstein əmindir. Layihədə adi eynək ölçüsündən bir qədər böyük olan virtual reallıq ekranı təqdim olunur. “Holoqrafiya bizə digər ekran texnologiyalarının təklif edə bilmədikləri imkanlar yaradır, üstəlik cihaz bu gün bazarda mövcud olan istənilən qurğudan xeyli kiçikdir”. Xatırladaq ki, holoqrafiya üçölçülü təsvirlərin yaradılması texnologiyasıdır və burada ənənəvi fotodakı kimi obyektin əks olunan işıq intensivliyi ilə yanaşı, işıq dalğalarının fazası (yəni dalğaların bir-birilə necə sinxronlaşdığı) və işıq dalğalarının interferensiyası da istifadə olunur.
         Holoqrafik eynəkdə işıq sahəsi güzgülü MEMS matrisi vasitəsilə yaradılır - bu sistem informasiya daşıyan lazer şüasını dalğa bələdçisinin sahəsinə əks etdirir. Dalğa bələdçisinin arxasında isə məkan işıq modulyatoru yerləşir. Məhz bu modulyator son holoqrafik görüntünü yaradır. Daha realistik görüntü əldə etmək üçün məlumatların emalına süni intellekt də qoşulur - bu gün artıq heç bir inqilabi ixtira süni intellektsiz keçinmir. Ekranın linzadan ekrana qədər qalınlığı cəmi 3 millimetrdir. Tədqiqatçıların sözlərinə görə, bu texnologiya təhsili, əyləncə sənayesini, virtual səyahətləri, ünsiyyət vasitələrini və digər sahələri dəyişə bilər. Mühəndislər məqsəd kimi şərti vizual Türinq testindən keçməyi qarşıya qoyublar - yəni istifadəçi real görüntü ilə kompüter tərəfindən yaradılmış görüntünü bir-birindən ayıra bilməməlidir. Bu, klassik Türinq testindəki kimi, insanla robotun fərqinin bilinməməsinə bənzəyir.
         Alimlərin bildirdiklərinə görə, təqdim edilən holoqrafik başlıq prototipi sənayedə ən yaxşı baxış bucağı (diaqonal üzrə 38 dərəcə) və göz bəbəyi hərəkət azadlığı nisbətinə malikdir. Başqa sözlə, üçölçülü görüntü baxış sahəsinin bütün hissəsində dəqiq qalır və göz istənilən hissəyə sərbəst və yorulmadan baxa bilir. Bu da tam immersiya hissi yaradır - bu isə heç bir digər stereoskopik texnologiya ilə mümkün deyil. “Dünya hələ bu qədər geniş baxış bucağına, böyük ‘göz pəncərəsinə’ və bu səviyyədə görüntü keyfiyyətinə malik holoqrafik ekran görməyib. Bu, bu günə qədər yaradılmış ən yaxşı 3D ekrandır və böyük bir irəliləyişdir, lakin hələ qarşıda bir çox həll olunmamış məsələ var” - deyə Gordon Wetzstein bildirib. Alimlər holoqrafik eynəyin hazırlanmasında üçüncü mərhələyə keçməyə hazır olduqlarını bildirirlər, lakin xəbərdarlıq edirlər ki, kommersiya versiyasının hazırlanması illər çəkə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Səudiyyə Ərəbistanı dünyanın ən böyük hidrogen istehsalı zavodunu inşa edəcək
    seudiyye-erebistani-dunyanin-en-boyuk-hidrogen-istehsali-zavodunu-insa-edecek
    Neuralink çipini əldə etmiş ilk qadın fikir gücü vasitəsilə öz adını yaza bilib
    neuralink-cipini-elde-etmis-ilk-qadin-fikir-gucu-vasitesile-oz-adini-yaza-bilib
    Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq
    starship-insanlari-aya-catdirmis-saturn-v-den-3-defe-guclu-olacaq
    Çin Starlink-in analoqunu yaratmağa çalışır
    cin-starlink-in-analoqunu-yaratmaga-calisir
    Türkiyə şirkəti yük konteynerini raket buraxılışı sisteminə çevirib
    turkiye-sirketi-yuk-konteynerini-raket-buraxilisi-sistemine-cevirib