Şüur probleminə yeni baxış: O yalnız insanlara xas olmaya bilər
Elm & Texnologiya
20.10.2025
Emil Nəcəfov
     Şüur və intellekt adətən yalnız insana məxsus bir xüsusiyyət kimi qəbul edilir və düşüncə, yaddaş və dil ilə əlaqələndirilir. “Həyat mərkəzçiliyi” (biocentrism) adlanan yeni konsepsiya isə iddia edir ki, idrak qabiliyyəti bütün canlı sistemlərə xasdır və bu qabiliyyət onların ətraf mühitlə qarşılıqlı əlaqələri nəticəsində, yaşamaq məqsədilə ortaya çıxır. Hətta beyni olmayan orqanizmlər - məsələn, bakteriyalar və selik göbələkləri - belə qərarlar qəbul edə bilirlər. İntellekt anlayışının bu şəkildə yenidən nəzərdən keçirilməsi elm, süni intellekt və tibb sahələri üçün yeni üfüqlər açır. Ənənəvi olaraq intellekt və idrak insan təcrübəsi prizmasından dəyərləndirilib: qavrama, yaddaş, düşünmə, dil və öyrənmə qabiliyyəti kimi xüsusiyyətlər əsas götürülüb. Məhz bu “insan mərkəzli” yanaşma psixologiya, fəlsəfə və idrak elmlərinin təməlini təşkil edib.
     Yeni yanaşma - “həyat mərkəzçiliyi” isə bu ənənəyə meydan oxuyur və intellekti bakteriyalardan meşələrə qədər bütün canlı sistemlərin xüsusiyyəti kimi təqdim edir. Bu konsepsiya Çalmers Texnologiya Universitetindən Gordan Dodig-Crnkovic tərəfindən məqaləsində təsvir olunub. Həyat mərkəzli yanaşmaya görə idrak, canlı orqanizmin özünü qorumaq məqsədilə ətraf mühitlə qarşılıqlı əlaqə prosesi kimi müəyyən edilir. Bu proses bədənlə bağlı mövcudluq aspektləri ilə sıx əlaqəlidir və yalnız beyində baş verən abstrakt düşüncələrlə məhdudlaşmır. Beləliklə, düşünmə bütün orqanizmə yayılır və dünyanın fiziki qavranılmasını da əhatə edir. Bu ideyaya əsasən, idrak qabiliyyəti mürəkkəb beyin quruluşuna malik orqanizmlərin imtiyazı deyil.
     Aparılmış təcrübələr göstərir ki, sinir sistemi olmayan canlılarda da intellekt mümkündür. Məsələn, selik göbələkləri mürəkkəb labirintlərdən çıxış yolunu tapa bilir, bakteriya koloniyaları isə “kvorum hissi” adlanan mexanizm vasitəsilə kollektiv qərarvermə qabiliyyəti nümayiş etdirirlər. Bu proseslər tədqiqatçılar tərəfindən idraki fəaliyyətin bir forması kimi qəbul olunan adaptiv və məqsədyönlü davranışı göstərir. Alimlər həmçinin təbiətdəki hesablama proseslərini idrakın əsas təməli kimi nəzərdən keçirirlər. Rəqəmsal kompüterlərdən fərqli olaraq, canlı sistemlər məlumatı fiziki və morfoloji proseslər vasitəsilə emal edirlər.
     Məsələn, günəş işığına yönəlməyə çalışan bir bitki, əslində, öz böyüməsinin optimal yolunu “hesablayır”. İdrakı təbii hesablama prosesi kimi anlamaq elm və texnologiya üçün yeni imkanlar açır. Süni intellekt sahəsində bu cür ideyalar, bioloji özünüqoruma və adaptasiya prinsiplərindən ilhamlanan, daha dayanıqlı və effektiv sistemlərin yaradılmasına gətirib çıxara bilər. Yeni yanaşma həmçinin hüceyrə və toxumaları öyrənmə və bərpa qabiliyyətinə malik idraki agentlər kimi nəzərdən keçirməyə imkan verir ki, bu da regenerativ tibb və xəstəliklərin müalicəsi üçün yeni imkanlar yaradır. İdrak anlayışının genişləndirilməsi həyat və şüur haqqında təsəvvürlərimizi dəyişir. Bu yanaşma insanla digər canlılar arasındakı sərhədi aradan qaldırır və intellekti yalnız insana məxsus xüsusiyyət deyil, bütün həyat formalarının fundamental xüsusiyyəti kimi təqdim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amerikalı alim Fermi paradoksunun yeni izahını təklif edib
Amerikalı alim Fermi paradoksunun yeni izahını təklif edib
75 il əvvəl fizik Enrico Fermi belə bir sual vermişdi: bu qədər böyük kainatda biz hələ də ağıllı yadplanetli sivilizasiyanın heç bir izinə niyə rast gəlməmişik? O vaxtdan bəri alimlər bu paradoksa çoxsaylı maraqlı cavablar təklif ediblər.
Qədim mikroblar Marsdakı buz örtüyündə 50 milyon ilə qədər qala bilərlər
Qədim mikroblar Marsdakı buz örtüyündə 50 milyon ilə qədər qala bilərlər
NASA Goddard və Pensilvaniya Universitetinin tədqiqatçıları göstəriblər ki, əgər E. coli bakteriyalarının zülal fraqmentləri Marsın donmuş torpağında və buz örtükləri də mövcuddursa, onlar 50 milyon ildən çox müddət ərzində qorunub qala bilərlər.
Google DeepMind-ın yeni süni intellekt modeli xərçəngə qarşı dərmanın axtarışında yardımçı olur
Google DeepMind-ın yeni süni intellekt modeli xərçəngə qarşı dərmanın axtarışında yardımçı olur
Google DeepMind xərçəngə qarşı immun sisteminin aktivləşdirilməsi üçün yeni yollar müəyyən edə bilən C2S-Scale 27B adlı süni intellekt modelini təqdim edib.
Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş ola bilərlər
Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş ola bilərlər
Yeni astronomik müşahidələr göstərir ki, kainatdakı ilk ulduzlar termonüvə sintezi ilə enerji alan Günəş kimi adi ulduzlardan kəskin şəkildə fərqlənə bilərmiş. Ehtimal olunur ki, bu ulduzlar “superkütləli qaranlıq ulduzlar” olub və onların enerjisi qaranlıq materiyanın annihilyasiyasından yaranıb.
Yer kürəsində həyat kosmik toz hissəcikləri sayəsində formalaşmış ola bilər
Yer kürəsində həyat kosmik toz hissəcikləri sayəsində formalaşmış ola bilər
Gənc Yerin səthinə davamlı şəkildə çökmüş kosmik toz həyatın yaranmasında həlledici rol oynamış ola bilər. Son tədqiqat göstərib ki, zülallar və fermentlərin əsas tərkib hissələri olan amin turşuları Günəş sistemində silikat hissəciklərinin tərkibində effektiv şəkildə hərəkət edə bilirlər.
Həftənin xəbərləri