
Yadplanetli həyat növü susuz da mövcud ola bilər
Elm & Texnologiya
19.08.2025
Emil Nəcəfov
Yeni araşdırma ehtimal edir ki, su həyat üçün zəruri komponent hesab olunsa da digər qaya tipli planetlərdəki həyat üçün mütləq lazım olmaya bilər. Yəni, bəlkə də həyat yalnız suya bağlı deyil və yadplanetli həyat növü qeyri-adi duzlu maye hesabına mövcud ola bilər. Yer üzündə maye halında su bütün həyat formalarının əsasını təşkil edir. Lakin ola bilsin ki, potensial yadplanetli varlıqların mövcudluğu üçün su vacib deyil. Yeni araşdırmada qeyd olunur ki, digər mayelər də qayalı planetlərdə və onların peyklərində həyatı dəstəkləyə bilər. Alimlərin sözlərinə görə, su adətən həyatın yaranması və davam etməsi üçün əsas komponent hesab olunur, lakin bu tədqiqat göstərir ki, əsas olan metabolizmin baş verə biləcəyi maye mühitin mövcudluğudur. Alimlər ion mayeləri - yəni qayalı planetlərin və onların peyklərinin səthində əmələ gələ bilən duzlu mayeləri - öyrəniblər.

İon mayeləri yüksək temperatur və aşağı təzyiqə qarşı davamlıdır, bu da onların sabit maye halında qalmasına imkan verir. Bu xüsusiyyət onları zülallar kimi biomolekullar üçün potensial olaraq əlverişli mühitə çevirir. Yəni bu, həyat üçün əlverişli mühit ola bilər. İon mayeləri, maye suyun əmələ gələ bilmədiyi yerlərdə də formalaşa bilər. Alimlər hesab edirlər ki, əgər bu araşdırma təsdiqini taparsa, bu, planet sistemlərindəki yaşayış zonanı əhəmiyyətli dərəcədə genişləndirə bilər. Yaşayış zonası - bu, kosmosda elə bir sahədir ki, oradakı şərait qayalı planetlərin səthində maye suyun sabit qala bilməsinə imkan verir. Alimlər əvvəlcə Veneranın zəhərli atmosferini və belə şəraitin yadplanetli həyatı dəstəkləyib-dəstəkləyə bilməyəcəyini araşdırıblar.

Bu planetdə kükürd turşusundan ibarət buludlar mövcuddur və bunlar vulkan püskürmələrinin - həm Yer kürəsində, həm də digər qayalı planetlərdə müşahidə olunan - yan məhsuludur. Kükürd turşusundan üzvi birləşmələrin çıxarılması üzrə təcrübələr zamanı alimlər həmişə dayanıqlı bir maye təbəqəsinin qaldığını müşahidə ediblər. Onlar müəyyən ediblər ki, bu təbəqə kükürd turşusu ilə qlisin arasında baş verən reaksiya nəticəsində əmələ gələn ion mayesidir. Alimlərin sözlərinə görə, kükürd turşusu Yer üzündə mövcuddur, üzvi birləşmələr isə asteroidlərdə və digər planetvari cisimlərdə də aşkarlanıb. Buna görə də onlar belə qənaətə gəliblər ki, ion mayeləri qayalı planetlərin səthində təbii şəkildə əmələ gələ bilər.

Tədqiqat çərçivəsində alimlər ion mayelərinin təbii yolla necə əmələ gələ biləcəyini araşdırıblar. Onlar azot tərkibli müxtəlif üzvi birləşmələri bazalt süxurlar üzərində kükürd turşusu ilə qarışdırıblar. Bu reaksiya yüksək temperatur və aşağı təzyiq şəraitində baş verib. Alimlər aşkar ediblər ki, bu təcrübələr zamanı ion mayesi 180 dərəcə Selsiyə qədər temperaturda və son dərəcə aşağı təzyiqdə əmələ gəlir. Tədqiqat həmçinin göstərib ki, ion mayeləri su ilə müqayisədə daha davamlıdır. Alimlərin fikrincə, əgər ion mayesi qayalı planetlərin səthində minlərlə il sabit qala bilirsə, o zaman bu mühitdə suya deyil, ion mayelərinə əsaslanan sadə həyat formalarının mövcudluğu mümkün ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər

Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər
Qara dəliklərin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarında qeydə alınmış qeyri-adi siqnal göstərir ki, bu sistem əslində əvvəldən ikili deyil, üçlü sistem olub.
Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər

Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər
Bədən qoxusu sağlamlıq vəziyyəti haqqında çox şey deyə bilər. Alimlər dəri və nəfəs yolu ilə xaric olan uçucu birləşmələrdən istifadə edərək xəstəlikləri erkən mərhələdə müəyyən etməyin yollarını axtarırlar.
Yer kürəsinin biosferası təhlükə altındadır

Yer kürəsinin biosferası təhlükə altındadır
Potsdam İnstitutu və Vyana BOKU Universitetindən olan alimlər xəbərdarlıq edirlər: Yer biosferası dayanıqlılığını itirib. Araşdırma göstərib ki, bitkilər artıq fotosintez proseslərinin öhdəsindən gələ bilmir.
Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub

Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub
Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar.
3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib

3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib
Berlində mütəxəssislər Monqolustandan olan buddist məktubları bütövlüyünü pozmadan təhlil ediblər. Bunun üçün onlar 3D rentgen və süni intellektdən istifadə ediblər.
Həftənin xəbərləri

