main-post-cover

    Yerdə su kosmos deyil, daxili mənbə hesabına formalaşmış ola bilər

    Elm & Texnologiya
    16.04.2025
    Emil Nəcəfov
         Ümumi qəbul olunmuş fikrə görə, su və onun tərkib hissələri Yerə gənc dövründə planetə çırpılan asteroidlərlə birlikdə gəlib. Lakin bir qrup tədqiqatçı suyun bütün əsas tərkib hissələrinin Yer üzərində əvvəldən mövcud olduğuna dair sübutlar tapıb. Yerdə ilk dəfə hidrogenin nə vaxt və harada meydana gəldiyini müəyyən etmək, planetdə həyatın necə yarandığını anlamaq üçün açar rolunu oynayır. Hidrogen olmasaydı, su olmazdı, su olmasaydı, həyat da olmazdı. Tədqiqatçılar araşdırmalarında tərkibində hidrogen olan bir meteoritə müraciət ediblər ki, Yer suyunun H2O tərkibindəki H2 elementinin mənbəyini anlasınlar.
         Söhbət kifayət qədər nadir olan və enstatit xondrit adlanan meteorit növündən gedir. Bu meteoritlər 4.5 milyard il əvvəl, Yer kürəsinin ilkin formalaşma dövründə yaranıb. Məntiq bundan ibarətdir: Əgər erkən Yer kürəsinin tərkibinə bənzəyən bu material özündə hidrogen birləşdirə bilibsə, deməli, gənc Yer də bu elementi daşıya bilərdi. Oksford Universitetindən olan komandanın mühüm kəşfi ondan ibarət olub ki, meteoritdəki hidrogen oraya sonradan çirklənmə nəticəsində daxil olmayıb, əvvəlcədən mövcud olub. Bu, Yer kürəsinin formalaşdığı materialın əvvəl düşünüldüyündən daha çox hidrogenlə zəngin olduğunu göstərir.
         Tədqiqat çərçivəsində, Antarktidada tapılmış bu meteorit güclü rentgen şüaları ilə - sinxrotron qurğusunun köməyi ilə - işıqlandırılıb. Sinxrotron, həm canlı, həm də cansız nümunələrin kimyəvi strukturunun araşdırılması üçün tez-tez istifadə olunur. Komanda əvvəlcə hesab edirdi ki, meteoritdəki istənilən hidrogen kükürd molekulları ilə əlaqəli olacaq. Lakin onların böyük təəccübünə səbəb olan nəticə o oldu ki, onlar hidrogenin ən çox olmalı olduğunu güman etdikləri sahələrin arxasında zəngin kükürd-hidrogen (H2S) bölgələri aşkar etdilər. Ən yüksək hidrogen konsentrasiyası isə kristal quruluşun daxilində “qapanmış” vəziyyətdə idi.
         Müqayisə üçün qeyd edək ki, meteoritin çatlar və ya pas izləri olan sahələrində (yəni Yer mənşəli çirklənmənin əlamətləri olan yerlərdə) çox az miqdarda və ya ümumiyyətlə hidrogen olmayıb. Bu iki kəşf birlikdə onu göstərir ki, hidrogen meteoritin tərkibində əvvəldən mövcud olub və sonradan çirklənmə nəticəsində yaranmayıb. “O qədər həyəcanlandıq ki, analiz bizə nümunədə kükürd-hidrogenin olduğunu göstərdi, amma biz onun tam fərqli yerdə olacağını gözləyirdik! Bu kükürd-hidrogenin Yer mənşəli çirklənmədən yaranma ehtimalı olduqca azdır. Ona görə də bu tədqiqat Yer üzündəki suyun təbii mənşəli olması nəzəriyyəsini dəstəkləyən vacib sübutlar təqdim edir - yəni bu, planetimizin tərkibindən qaynaqlanan təbii nəticədir” - deyə Oksford Universitetindən məqalə müəllifi Tom Barrett bildirib.
         Proto-Yer (planetimizin formalaşma dövrünün erkən mərhələsi) enstatit xondritlərinə bənzər materialdan ibarət olduğuna görə, planet kifayət qədər böyük ölçüyə çataraq asteroid zərbələrinə məruz qaldığı vaxtadək artıq kifayət qədər hidrogen toplamışdı ki, bu da Yer üzündə bu gün mövcud olan suyun mənşəyini izah edə bilər. Bu araşdırmanın nəticələri Yer üzündəki suyun ilkin mənbəyi ilə bağlı mübahisələrə son qoymasa da, suyun xarici deyil, daxili mənbədən gəlməsi ehtimalını gücləndirə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni modelləşdirməyə əsasən kainatın fırlandığı müəyyən edilib
    yeni-modell
    Qalaktikamızda Yerə bənzər 44 ədəd planet mövcud ola bilər
    qalaktikamizda-yere-benzer-44-eded-planet-movcud-ola-biler
    İlk dəfə laboratoriya şəraitində insan dişi yetişdirilib
    ilk-defe-laboratoriya-seraitinde-insan-disi-yetisdirilib
    Qadın pasient donuz böyrəyi sayəsində 4 ay ərzində yaşaya bilib
    qadin-pasient-donuz-boyreyi-sayesinde-4-ay-erzinde-yasaya-bilib
    Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər
    alimler-en-boyuk-kutleli-olu-qalaktikani-kesf-edibler