main-post-cover

    Microsoft Sharepoint serverlərinə kiberhücum 2025-ci ilin ən böyüyü ola bilər

    Təhlükəsizlik
    24.07.2025
    Emil Nəcəfov
         Çinlə əlaqəli olduğu güman edilən hakerlər Microsoft SharePoint platformasındakı bir boşluqdan istifadə edərək dünya üzrə təxminən 400 hökumət qurumu, korporasiya və digər təşkilatların sistemlərinə giriş əldə ediblər. Bu barədə kiber­təhlükəsizlik sahəsində fəaliyyət göstərən Niderlandın Eye Security şirkəti məlumat verib. Şirkət bu hücumları ötən həftə ilk olaraq aşkar edib. Əvvəlcə təxminən 60 təşkilatın hücuma məruz qaldığı bildirilmişdi, lakin cəmi bir neçə gün ərzində zərər çəkənlərin sayı 6 dəfədən çox artıb. Bloomberg-in məlumatına görə, hücumların əksəriyyəti ABŞ-a yönəlib, eyni zamanda Mavriki, İordaniya, Cənubi Afrika Respublikası və Niderland da zərər çəkənlər sırasındadır. Zərərçəkmişlər arasında ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsi və Milli Səhiyyə İnstitutları da yer alır.
         ABŞ Səhiyyə Nazirliyinin nümayəndəsi Andrew Nixon bildirib ki, hazırda məlumat sızmasına dair heç bir təsdiq yoxdur, lakin nazirlik Microsoft və ABŞ Kibertəhlükəsizlik Agentliyi ilə birlikdə zəifliyin aradan qaldırılması üzrə işlər aparır. Cənubi Afrika Respublikasının Milli Xəzinədarlıq Xidməti də öz şəbəkələrində zərərli proqram təminatının aşkar edildiyini bildirib, lakin əlavə edib ki, sistemlər və rəsmi saytlar normal rejimdə fəaliyyətini davam etdirir. Mütəxəssislər bildirirlər ki, real zərərçəkənlərin sayı daha çox ola bilər, çünki kibercinayətkarlar iz buraxmayan metodlardan istifadə etmiş ola bilərlər. Eye Security şirkətinin həmtəsisçisi Vaisha Bernard-ın sözlərinə görə, hücumlar davam edir və digər haker qrupları da bu boşluqdan istifadə etməyə başlayıblar.
         Zərərçəkənlər arasında dövlət idarəçiliyi, təhsil və İT xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlar var. Hücumlar Avropada, Asiyada, Yaxın Şərqdə və Latın Amerikasında qeydə alınıb. Recorded Future şirkətinin analitiki Sveva Scenarelli vurğulayıb ki, dövlətlə əlaqəli kiberqruplar mərhələli şəkildə hərəkət edirlər: əvvəlcə hədəfə alınmış lokal hücumlar həyata keçirirlər, daha sonra isə zəiflikləri kütləvi şəkildə istismar etməyə başlayırlar. Şəbəkəyə daxil olduqdan sonra isə onlar daha dəyərli hədəfləri seçərək genişlənmiş giriş və məlumat toplama əməliyyatlarına keçirlər. Çinin Xarici İşlər Nazirliyi ittihamları rədd edərək bildirib ki, ölkə kiberhücumlara qarşıdır və bu sahədə problemlərin birgə həllinə çağırış edir. Nazirliyin sözçüsü Guo Jiakun vurğulayıb ki, Çin kibertəhlükəsizlik mövzusundan “böhtan və təxribat” məqsədilə istifadə edilməsinə qarşıdır.
         Bu arada tədqiqatçılar qeyd edirlər ki, hakerlər məxfi məlumatlara, o cümlədən nüvə texnologiyaları ilə bağlı bilgilərə çıxış əldə etmiş ola bilərlər. Lakin nüvə təhlükəsizliyi üzrə ekspert Edwin Lyman bildirib ki, ABŞ-da ən məxfi məlumatlar izolyasiya olunmuş şəbəkələrdə saxlanılır və bu da onların sızması riskini azaldır. Buna baxmayaraq, daha zəif qorunan məlumatların - məsələn, nüvə materialları ilə bağlı informasiyaların - təhlükə altında qalması ehtimalını istisna etmək olmaz. Bu hücumlar, ABŞ və Çin arasında təhlükəsizlik və ticarət məsələləri fonunda gərginliyin artdığı bir dövrdə, Microsoft-un qismən Çinlə əlaqələndirdiyi son hadisələrdən biridir. Şirkət artıq həmin boşluğu aradan qaldırmaq üçün yeniləmələr təqdim edib. Lakin mütəxəssislərin fikrincə, bir çox serverlər bu təhlükəsizlik yeniləmələri yayımlanmamışdan əvvəl artıq sındırılmış ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinli hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə daxil olublar
    cinli-hakerler-abs-milli-nuve-tehlukesizliyi-idaresine-daxil-olublar
    Microsoft Google DeepMind-ın 20-dən çox süni intellekt mütəxəssisini özünə cəlb edib
    microsoft-google-deepmind-in-20-den-cox-suni-intellekt-mutexessisini-ozune-celb-edib
    Microsoft məlumatların bir kompüterdən digərinə sürətli köçürülməsi tətbiqini hazırlayıb
    microsoft-melumatlarin-bir-komputerden-digerine-suretli-kocurulmesi-tetbiqini-hazirlayib
    Əfsanəvi Windows XP veb brauzerə köçürülüb
    efsanevi-windows-xp-veb-brauzere-kocurulub
    Hakerlər bütün dünya üzrə minlərlə serveri sındıra biliblər
    hakerler-butun-dunya-uzre-minlerle-serveri-sindira-bilibler