main-post-cover

    Alimlər ən uzaq məsafədə baş vermiş kosmik partlayışı kəşf ediblər

    Elm & Texnologiya
    22.08.2025
    Emil Nəcəfov
         Astronomlar Einstein Probe kosmik teleskopunun köməyi ilə sürətli rentgen tranzientləri (FXT) adlandırılan yeni və sirli tip kosmik partlayışlar aşkar ediblər. Bu partlayışlardan biri xüsusi diqqət çəkib, çünki ondan gələn işıq bizə təxminən 12 milyard il yol qət edərək çatıb. Yəni hələlik mənbəyi müəyyən edilməmiş bu hadisə bizdən 12 milyard işıq ili uzaqlıqda baş verib. Bu, ulduzlarla əlaqəli olduğu güman edilən və astronomların birbaşa müşahidə edə bildikləri ən uzaq partlayış hadisəsidir. Sözügedən kosmik partlayış ulduzların erkən kainatda ölüm prosesini daha yaxşı anlamağa kömək edə bilər. Astronomların Einstein Probe teleskopu vasitəsilə aşkar etdikləei bu yeni tip kosmik partlayış sürətli rentgen tranzientləri adını alıb. Bunlar bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilən rentgen şüalanması partlayışlarıdır. Alimlərin aşkar etdikləri ilk FXT isə EP240315A adlandırılan partlayış olub, mənbəyi məlum olmayan bu hadisə bizdən təxminən 12 milyard işıq ili uzaqlıqda yerləşir.
         Alimlər əlavə olaraq 20 belə rentgen şüalanması partlayışı da aşkarlayıblar, lakin onların mənbələri də hələlik naməlum olaraq qalır. Tədqiqatçılar bildirirlər ki, FXT hadisələri həm ulduzların həyatının sona çatma prosesini, həm də qədim kainatın necə göründüyünü öyrənmək üçün yeni bir imkan yaradır. Astronomların sözlərinə görə, FXT hadisələri bizdən milyardlarla işıq ili uzaqlıqda yerləşən qalaktikalarda baş verir, lakin onların dəqiq mənbələrini müəyyənləşdirmək olduqca çətindir. Alimlər hesab edirlər ki, bu radiasiya partlayışları, kütləvi ulduzlar supernova kimi partladıqda, sıxılıb qara dəliyə çevrildikdə baş verə bilər. EP240315A hadisəsinə gəldikdə isə, astronomlar müəyyən ediblər ki, o, kainatın təxminən 1.8 milyard il yaşı olduğu vaxtda baş verib. Hazırda isə kainatın yaşı 13.8 milyard ildir. Həmin partlayış zamanı isə cəmi bir neçə saniyənin içində Günəşin bütün ömrü boyu yaydığı enerjidən daha çox enerji ayrılıb.
         Halbuki bizim ulduzumuz artıq 4.5 milyard ildən çoxdur ki, mövcuddur. Alimlər güman edirlər ki, FXT başqa bir güclü kosmik partlayış növü olan qamma-parıltılarla əlaqəli ola bilər. Bunlar məlum kainatda ən güclü partlayışlardır və həmin anda qamma-şüalanma ilə yanaşı, nəhəng miqdarda enerji ayrılır. Qamma-parıltıların da kütləvi bir ulduzun supernova kimi partlamasından və qara dəliyə çevrilməsindən sonra baş verə biləcəyi hesab olunur. EP240315A ilə bağlı müşahidə məlumatlarını araşdıran astronomlar müəyyən ediblər ki, onun mənbəyi ətrafında çox az maddə olub. Xüsusilə, alimlər həmin bölgədə hidrogen çatışmazlığı müşahidə ediblər. Hidrogen ultrabənövşəyi şüalanmanı süzərək onun kosmosa effektiv yayılmasına mane olur. Bu FXT hadisəsi baş verdikdə hidrogen ultrabənövşəyi şüalanmanın bombardmanına məruz qalıb və nəticədə ionlaşmaya uğrayıb. Astronomların sözlərinə görə, onlar ulduzlarla əlaqəli olduğu güman edilən və işığını birbaşa müşahidə edə bildikləri ən uzaq partlayış hadisəsini görüblər. Yəni, əslində alimlər ən qədim ulduzlardan bəziləri ilə bağlı şüalanmanı müşahidə ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    290 milyon km məsafədən Yer ilə Ayın fotosu çəkilib
    290-milyon-km-mesafeden-yer-ile-ayin-fotosu-cekilib
    Beyin qocalmasını ləngidən zülal aşkar edilib
    beyin-qocalmasini-lengiden-zulal-askar-edilib
    Milyardlarla il bundan öncə Serera cırtdan planeti həyat üçün münbit şəraitə sahib olub
    milyardlarla-il-bundan-once-serera-cirtdan-planeti-heyat-ucun-munbit-seraite-sahib-olub
    Günəş sisteminə gəlmiş üç ulduzlararası obyektin yaşı və hardan gəldiyi təyin edilib
    gunes-sistemine-gelmis-uc-ulduzlararasi-obyektin-yasi-ve-hardan-geldiyi-teyin-edilib
    Amerikalının evinin damını Yer kürəsindən də qədim olan meteorit deşib
    amerikalinin-evinin-damini-yer-kuresinden-de-qedim-olan-meteorit-desib