
Bir ulduz istənilən anda Günəş sistemini məhv edə bilər
Elm & Texnologiya
19.05.2025
Emil Nəcəfov
Astronomlar müəyyən ediblər ki, Günəşə yaxın məsafədən keçən ulduzlar Günəş sistemindəki bəzi planetlərin orbitlərini dəyişdirə və nəticədə onların məhvinə səbəb ola bilər. Əvvəllər planetlərin orbitlərinin sabit olduğu hesab edilirdi, lakin yeni araşdırmalar bunun belə olmadığını göstərir. Təxmin edilir ki, qarşıdakı bir neçə milyard il ərzində Merkuri və Yupiterin orbitlərinin dəyişməsi Merkuri planetinin ya Günəşə, ya da Veneraya çırpılmasına səbəb ola bilər. Bu dəyişiklik həmçinin Yer və Mars arasında toqquşma ehtimalını da artırır. Günəşə yaxın keçən ulduzların da Günəş sistemini məhv edə biləcəyi məlumdur, lakin əvvəllər bu riskin çox kiçik olduğu düşünülürdü. İndi isə astronomlar belə nəticəyə gəliblər ki, Günəşə yaxın keçən istənilən bir ulduz əvvəlki düşüncələrə nisbətən daha böyük dağıntılara səbəb ola bilər.

Alimlərin sözlərinə görə, ulduzlar davamlı şəkildə Günəş sisteminə yaxınlaşır və bu, əvvəlki astronomik hesablamalara nisbətən daha böyük təhlükə yaradır. Tədqiqatçılar model simulyasiyaları yaradıblar və bu modellər göstəriblər ki, digər ulduzların təsiri nəticəsində Günəş sistemindəki istənilən planet istənilən anda öz orbitindən çıxa bilər. Bu ehtimal, planetlərin daxili orbital qeyri-sabitliyindən qaynaqlanan dağıntı riskindən 50% daha yüksəkdir. Modelə əsasən, daxili orbital qeyri-sabitlik səbəbilə Günəş sisteminin dağılması təxminən 4-5 milyard il sonra baş verə bilər. Lakin yaxın keçən ulduzların təsiri növbəti 4 milyard il ərzində istənilən an hiss oluna bilər. Araşdırma göstərir ki, vaxtilə doqquzuncu planet sayılan, hazırda isə cırtdan planet statusuna malik Pluton, yaxın keçən ulduzların təsirinə ən çox məruz qala biləcək planetdir.

Bu təsir nəticəsində Pluton Günəş sistemindən kənara atıla bilər. Eyni vəziyyət Günəşə daha yaxın olan Merkuri planeti üçün də keçərlidir. O ya orbitindən çıxarılıb Günəş sistemindən uzaqlaşdırıla, ya da birbaşa Günəşə çırpıla bilər. Hesablamalar göstərib ki, Merkuri orbitinin dəyişməsi nəticəsində digər planetlərin zərər görməsi ehtimalı əvvəlki qiymətləndirmələrlə müqayisədə 50-80% daha yüksəkdir. Merkurinin orbitinin qarşıdakı bir neçə milyard il ərzində dəyişməsi ehtimalı hələ də aşağı olaraq qalır - təxminən 0.6% səviyyəsindədir. Lakin bu rəqəm əvvəllər hesab ediləndən daha yüksəkdir. Alimlər həmçinin Mars, Venera və Yer planetlərinin orbitlərinin dəyişmə ehtimallarını da müvafiq olaraq 0.3%, 0.2% və 0.05%-ə qədər artırıblar.

Yer üçün orbitin dəyişməsi iqlimin fəlakətli şəkildə pozulmasına və nəticədə planetin yaşamaq üçün yararsız hala gəlməsinə səbəb ola bilər. Alimlərin sözlərinə görə, qarşıdakı bir neçə milyard il ərzində Günəş sistemini dağıdacaq bir ulduzun təsiri hələ də az ehtimal olaraq qalır, lakin bu riskin göstəricisi 1%-dən 1.5%-ə qədər artıb. Bununla belə, araşdırma göstərib ki, digər ulduzların Günəş sisteminə təsiri əvvəllər düşünüləndən daha güclüdür. Xatırladaq ki, Günəş sistemi dörd daxili planetdən - Merkuri, Venera, Yer və Marsdan, eləcə də dörd xarici planetdən - Yupiter, Saturn, Uran və Neptundan ibarətdir. İlk dörd planet qaya quruluşludur, yəni bərk səthə malikdir, digər dörd planet isə qaz nəhəngləridir.

Alimlərin sözlərinə görə, hesablamalar göstərir ki, təxminən 5 milyard il sonra Günəş sistemi mütləq şəkildə dağılacaq. Bu zaman Günəş ağ cırtdan ulduza çevriləcək. Ondan əvvəl isə Günəş qırmızı nəhəng olacaq, ölçüsü böyüyəcək və Merkuri, Venera, Yer və Mars planetlərini məhv edəcək. Ağ cırtdana çevrilmiş, kiçik, soyuq və solğun ulduzun ətrafında digər planetlərin fırlanmağa davam edib-etməyəcəyi isə hələ dəqiq bilinmir. Qeyd edək ki, Günəşə bənzər ulduzlar təxminən 10 milyard il mövcud ola bilər. Bu müddətdən sonra ulduzların nüvəsində termonüvə sintezi üçün yanacaq tükənir və onlar “ölür”. Əvvəlcə bu cür ulduzlar qırmızı nəhəngə çevrilir, daha sonra xarici qatlarını ataraq ağ cırtdana çevrilirlər. Günəşin yaşı isə hal-hazırda təxminən 4.6 milyard ildir.
Mənbə: New Scientist
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ilk həyatın formalaşdığı mühiti təkrarlaya biliblər

Alimlər ilk həyatın formalaşdığı mühiti təkrarlaya biliblər
Həyatın Yer planetində çox güman ki, isti, hidrogen və dəmir baxımından zəngin olan sualtı “kimyəvi bağçalarda” başladığı ehtimal edilir. Yeni bir araşdırmada alimlər bu mühiti laboratoriya şəraitində təqlid ediblər və maraqlı bir nəticə ilə qarşılaşıblar.
NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib

NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib
NASA-nın 2007-ci ildə Phoenix Mars endirici modulunun buraxılışına hazırlıq üçün istifadə etdiyi və mikrobların miqdarına dair ciddi tələblərlə inşa olunmuş "təmiz otaqlar" əslində elə də təmiz deyilmiş.
Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib

Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib
Qütb parıltıları kosmik hava şəraitinin təzahürlərindən biridir və onun aktivliyini izləməyin yollarından sayılır. Günəşdən atılan plazma planetlərə çataraq onların atmosferlərinin yuxarı qatlarındakı qaz atomları ilə qarşılıqlı təsirə girir.
Dünyada ilk dəfə gen redaktəsi sayəsində bir körpənin həyatını xilas etmək mümkün olub

Dünyada ilk dəfə gen redaktəsi sayəsində bir körpənin həyatını xilas etmək mümkün olub
Bir qrup həkim və alim nadir genetik xəstəliyin müalicəsində irəliləyiş əldə edərək tarixdə ilk dəfə fərdiləşdirilmiş gen redaktəsi terapiyasını tətbiq edib.
Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
Astronomlar uzun müddətdir ki, uzaq ulduzların ətrafındakı sistemlərdə donmuş suyun mövcud olduğundan şübhələnirdilər və indi James Webb kosmik teleskopu bu barədə ilk dəfə sübut təqdim edib.
Həftənin xəbərləri

