main-post-cover

    Bizə yaxın digər ulduz sisteminin planetlərində potensial su okeanları ola bilər

    Elm & Texnologiya
    20.05.2025
    Emil Nəcəfov
         Alimlər belə qənaətə gəliblər ki, TRAPPIST-1 sistemindəki bəzi planetlər maye su okeanları ilə örtülmüş ola bilər, lakin onların yaşam üçün potensial münbit şəraitə sahib olmaları hələ də açıq sual olaraq qalır. Astronomlar bu sistemdə, Yerə 40 işıq ili uzaqlıqda yerləşən TRAPPIST-1 ulduzu ətrafında fırlanan planetləri yeni araşdırıblar. Bu məsafə kosmik miqyasda nisbətən yaxın hesab olunur. Bu sistemdəki ilk planetlər 8 il əvvəl kəşf edilib və bu günə qədər məlumdur ki, TRAPPIST-1 sistemi 7 ədəd qaya tərkibli planetdən ibarətdir. Yəni bunlar bərk səthə malik, Yerə bənzər planetlərdir. Onlardan bəziləri Yer kürəsindən bir qədər kiçik, bəziləri isə daha böyükdür.
         Üç planet isə öz ulduzunun yaşayış zonasında yerləşir. Bu zonada temperatur maye suyun səthdə mövcud olmasına imkan verir. Alimlər bu planetləri öyrənməyə davam edirlər ki, orada həyatın potensial əlamətlərini aşkar etsinlər. İndi isə James Webb kosmik teleskopunun köməyi ilə aparılmış araşdırmalar göstərib ki, bu planetlər maye su okeanları ilə örtülü ola bilərlər. Su isə, məlum olduğu kimi, həyat üçün əsas komponentlərdən biri hesab olunur. TRAPPIST-1 ulduzu qırmızı cırtdan ulduzdur, yəni Günəşdən həm kiçik, həm də daha soyuqdur, lakin daha çox ultrabənövşəyi şüalanma yayır.
         Əvvəlki tədqiqatlar göstərmişdi ki, sistemdəki bəzi planetlərdə çoxlu su ola bilər, lakin ulduzun şüalanması bu suyun tez buxarlanmasına səbəb ola bilər. Son müşahidələr isə TRAPPIST-1c planetində su buxarının və atmosferdə oksigenin ola biləcəyini ortaya qoyub. Su buxarının mövcudluğu üçün isə bir su mənbəyi tələb olunur - məsələn, vulkanik qaz çıxışı. Müasir nəzəriyyələrə görə, planetlər formalaşarkən onlarda suyun əsas hissəsi süxurların tərkibində olur. Lakin planetin erkən inkişaf mərhələsində baş verən güclü vulkanizm bu suyu atmosferə buxar şəklində çıxarır.
         Əgər şərtlər uyğun olsa, bu su planet səthində okeanların yaranmasına səbəb ola bilər və həmin okeanlarda həyatın formalaşması mümkündür. Bu ehtimalı araşdırmaq üçün alimlər Günəş sisteminin qayalı planetləri - Merkuri, Venera, Yer Mars əsasında vulkanik qaz çıxışı modelləşdirməsi hazırlayıblar. Daha sonra bu modelləri TRAPPIST-1 sisteminin planetləri üzrə müşahidələrlə müqayisə ediblər. Tədqiqat göstərib ki, bütün 7 planetdə qaz çıxışı sürəti Yerə nisbətən 0.03 qat aşağıdan tutmuş 8 dəfə yüksək olana qədər dəyişə bilər. Eyni zamanda, planetlərin dərinliklərində maqmanın hərəkət sürətinin Marsdakı ilə oxşar olduğu müəyyən olunub. Lakin Mars vulkanik baxımdan “ölü” planet hesab olunur və bu, TRAPPIST-1 sistemindəki planetlər üçün də keçərli ola bilər.
         Araşdırma göstərib ki, TRAPPIST-1 planetlərində suyun çıxış sürəti ehtimal ki, Yerdəkindən aşağıdır, lakin mümkün aralıq Yerə nisbətən daha yüksək çıxış sürətlərini də əhatə edir. Nəticələr həmçinin göstərir ki, bu planetlərin mantiyası - Yer mantiyası kimi - nisbətən quru ola bilər. Bununla belə, bu planetlərdə su ümumi planet kütləsinin 1%-nə qədərini təşkil edə bilər. Müqayisə üçün: Yerdə bu göstərici cəmi 0.02%-dir. Alimlər belə nəticəyə gəliblər ki, TRAPPIST-1 ulduzunun yaşayış zonasındakı 3 planetdə vulkanik aktivlik olmaya bilər. Lakin onların hər birində suyun miqdarı fərqlidir. Bunlar maye su okeanları ilə örtülmüş “su dünyaları” ola bilərlər. Lakin bu planetlərin həyat üçün yararlı olub-olmadığını demək hələlik çox çətindir.
    Mənbə: Science Alert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni texnologiya insan DNT-nə bütöv geni yerləşdirə bilir
    yeni-texnologiya-insan-dnt-ne-butov-geni-yerlesdire-bilir
    Çinin kosmik stansiyasında yeni növ bakteriya aşkar edilib
    cinin-kosmik-stansiyasinda-yeni-nov-bakteriya-askar-edilib
    Bir ulduz istənilən anda Günəş sistemini məhv edə bilər
    bir-ulduz-istenilen-anda-gunes-sistemini-mehv-ede-biler
    Alimlər ilk həyatın formalaşdığı mühiti təkrarlaya biliblər
    alimler-ilk-heyatin-formalasdigi-muhiti-tekrarlaya-bilibler
    NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib
    nasa-nin-elmi-kompleksinde-26-nov-yeni-mikrob-askar-edilib