main-post-cover

    Çinin kosmik stansiyasında yeni növ bakteriya aşkar edilib

    Elm & Texnologiya
    19.05.2025
    Emil Nəcəfov
         Çinli alimlər Tiangong adlı kosmik stansiyasında Yer mənşəli tanınmış bir bakteriyanın yeni variantı olan yeni bir bakteriya ştammı aşkar ediblər. Yeni mikroorqanizmə Niallia tiangongensis adı verilib və o, 2023-cü ilin may ayında Tiangong kosmik stansiyasının daxilində aşkarlanıb. Bu, Çin orbital stansiyası bortunda ilk dəfə yeni bir bakteriya ştammının kəşfi kimi qeydə alınıb. Həmin vaxt stansiyada olan “Shenzhou-15” missiyasının heyəti stansiya modullarının səthindən mikroorqanizmləri toplayıb və onlar daha sonra Yerə göndərilib. Alimlər bu nümunələri genom ardıcıllığı və metabolik analiz üsulu ilə tədqiq ediblər.
         Ətraflı araşdırmalardan sonra çinli tədqiqatçılar əvvəllər məlum olmayan bir mikroorqanizm aşkar ediblər. Alimlər müəyyən ediblər ki, bu yeni bakteriya ştammı kosmos şəraitində adaptasiya olunma və sağ qalma baxımından unikal qabiliyyətlərə malikdir. Kosmos mühitində mikroqravitasiya, güclü radiasiya təsiri və oksidləşdirici stress kimi amillər canlı orqanizmlərin hüceyrələrinə zərər verə bilər. Yeni mikroorqanizm oksidləşdirici stressə qarşı mübarizədə və radiasiyanın səbəb olduğu zədələrin bərpasında Yer mənşəli “qohumları” ilə müqayisədə daha effektivdir.
         Bu mexanizmlərin öyrənilməsi alimlərə astronavtlar üçün qoruyucu strategiyalar hazırlamağa və onların sağlamlıq risklərini azaltmağa kömək edə bilər. Kosmik stansiyalarda mikrobların öyrənilməsi yalnız ekstremal şəraitdə həyatın başa düşülməsi üçün deyil, həm də kosmik gəmilərin və stansiyaların təhlükəsizliyi və etibarlılığı baxımından da vacibdir. Mikroorqanizmlər havanın keyfiyyətinə təsir edə, materialları korlaya və ya avadanlığın işləməsinə mane ola bilərlər. Bakteriya ştammının kosmosda necə sağ qalmasını anlamaq alimlərə mikroorqanizmlərin nəzarətdə saxlanması üçün strategiyalar hazırlamağa kömək edə bilər. Bu strategiyalar kosmik texnologiyalarda, kənd təsərrüfatında və tibbdə potensial tətbiq sahələrinə malik ola bilər.
         Alimlərin sözlərinə görə, bu mikroorqanizmin müəyyən üzvi birləşmələri parçalama qabiliyyəti həm kosmosda, həm də Yer üzündə tullantıların dəyərli resurslara çevrilməsi üçün yeni üsulların yaradılmasına imkan verə bilər. Çin orbital stansiyası T-şəkilli konfiqurasiyaya malikdir və 3 əsas moduldan ibarətdir: Tianhe, WentianMengtian. Bu 3 modulun 2022-ci ilin sonunda birləşdirilməsindən sonra Tiangong kosmik stansiyasının əsas quruluşu tamamlanmışdır. Stansiyanın uzunluğu təxminən 55 metr, diametri isə təxminən 39 metrdir. Orbital stansiya Yer ətrafında təxminən 340-450 km hündürlükdə fırlanır. Stansiyanın ekipajı 3 nəfərdən ibarətdir. Planlaşdırılır ki, bu stansiya növbəti onilliyin ortalarına qədər fəaliyyətini davam etdirə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir ulduz istənilən anda Günəş sistemini məhv edə bilər
    bir-ulduz-istenilen-anda-gunes-sistemini-mehv-ede-biler
    Alimlər ilk həyatın formalaşdığı mühiti təkrarlaya biliblər
    alimler-ilk-heyatin-formalasdigi-muhiti-tekrarlaya-bilibler
    NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib
    nasa-nin-elmi-kompleksinde-26-nov-yeni-mikrob-askar-edilib
    Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib
    perseverance-aparati-marsda-ilk-defe-qutb-pariltisini-musahide-edib
    Dünyada ilk dəfə gen redaktəsi sayəsində bir körpənin həyatını xilas etmək mümkün olub
    dunyada-ilk-defe-gen-redaktesi-sayesinde-bir-korpenin-heyatini-xilas-etmek-mumkun-olub