main-post-cover

    Çin Neptunun tədqiqat missiyasını planlaşdırır

    Elm & Texnologiya
    11.07.2025
    Emil Nəcəfov
         Çinin Neptuna missiyası kosmik yarışda yeni mərhələdir. Günəş sisteminin 8-ci planeti üçün xüsusi orbital aparat hazırlanır və onun buraxılışı 2033-cü ilə planlaşdırılıb. Neptun hələ də Günəş sisteminin ən az öyrənilmiş planetlərindən biri olaraq qalır, lakin onun sirli mühiti alimlərin maraqlarını getdikcə daha çox cəlb edir. Çinin təklif etdiyi bu missiya təkcə Neptun və onun peykləri barədə təsəvvürləri əsaslı şəkildə dəyişmək potensialına malik deyil, həm də kosmik yarışda yeni bir səhifə aça bilər. Neptunun tədqiqinə dair bu plan, şübhəsiz ki, Günəş sisteminin araşdırılması üzrə ən iddialı təşəbbüslərdən biridir. Çin orbital aparatı 8 ildən sonra buraxılacaq. Neptun orbitinə qədər olan planetlərarası səyahət isə 15 il davam edəcək. Aparat ora çatdıqdan sonra Neptunun halqalarını, geoloji dinamikasını və maqnitosferasını öyrənə biləcək. Qeyd etmək lazımdır ki, bu missiya təkcə  Neptunu əhatə etməyəcək.
         Layihə çərçivəsində Çin alimləri Neptunun ən böyük təbii peyki olan Tritonu da araşdırmaq istəyirlər. Zond tərəfindən təqdim ediləcək məlumatlar, o cümlədən, orada həyat izlərinin mövcud olub-olmamasını qiymətləndirməyə imkan verəcək. Hazırda missiya hələ rəsmi olaraq təsdiqlənməyib. Onun həyata keçirilməsi üçün dövlət dəstəyi, maliyyə və etibarlı texnoloji həllər tələb olunur. Gözlənilir ki, zondun təchizatına, digər avadanlıqlarla yanaşı, ümumi gücü 300 vatt olan iki radioizotoplu termoelektrik generator rentgen pulsarlarına əsaslanan təkmilləşdirilmiş avtonom naviqasiya sistemi daxil olacaq. Plan, 2021-ci ildə başqa bir çinli alim və mühəndislər qrupunun irəli sürdüyü tədqiqat təklifinin davamıdır. Layihənin məqsədi nüvə enerji generatoru ilə işləyən Neptun tədqiqatı üçün orbital aparatın hazırlanması idi. Bu ilin mart ayında Neptun və Triton artıq təsdiqlənmiş missiyalarla yanaşı Çin təqdimatlarında yer aldı.
         Bu isə göstərir ki, Çin Neptuna yönəlmiş missiyanı prioritet hədəflərindən biri kimi nəzərdən keçirir. Neptun 1846-cı ildə kəşf edilib və Günəş sistemimizdə ən uzaq məlum planetdir (təxminən 4.5 milyard km məsafədə yerləşir). Burada saatda 2100 km-ə çatan ekstremal və davamlı küləklər əsir. Neptun, Uranla birlikdə, "buz nəhəngləri" kateqoriyasına aiddir və son dərəcə dinamik atmosferi, aşağı temperaturu və əsasən qaya və buzdan ibarət olan daxili quruluşu ilə xarakterizə olunur. Planet çoxsaylı sirrləri qoruyur. İndiyə qədər onu yalnız NASA-nın Voyager-2 kosmik aparatı 1989-cu ilin avqust ayında ziyarət edib - bu, bu günə qədər bu planetin ətraflı görüntülərini təqdim edən ilk və yeganə missiyadır. Maraqlıdır ki, amerikalılar Neptunun tədqiqini davam etdirmək üçün missiya konsepsiyası hazırlayıblar. Bu konsepsiya bir çox cəhətdən Çin missiyasını xatırladırdı.
         “Neptune Odyssey” adlı missiya konsepsiyası NASA-nın sifarişi ilə hazırlanmışdı. Əsas məqsəd Neptun orbitinə daxil olduqdan sonra onun atmosferini, halqalarını və kiçik peyklərini öyrənə biləcək təkmilləşdirilmiş kosmik zondu işə salmaq idi. ABŞ-ın planlarında Tritona xüsusi diqqət yetirilir, çünki alimlər onun səthinin altında maye su okeanının mövcud ola biləcəyini düşünürlər. Lakin bir müddət əvvəl NASA belə qənaətə gəldi ki, Uran və onun peyklərini öyrənmək məqsədi daşıyan “Uranus Orbiter and Probe” missiyası daha yüksək elmi prioritetə malikdir. Bununla belə, bu missiya da həyata keçirilməyə bilər, çünki NASA-nın son büdcə təklifləri planetar missiyalar da daxil olmaqla elmi proqramların maliyyələşdirilməsinin azaldılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, buz nəhənglərinə yönəlmiş istənilən mümkün missiya 2030-cu illərin ikinci yarısından tez başlaya bilməz.
         Çinin Neptunu araşdırmaqla bağlı təklifi bu ölkənin uzaq kosmos tədqiqatlarında imkanlarını genişləndirmək istiqamətində artan iddialı planlarını vurğulayır. Son illərdə Çin mürəkkəb tədqiqat missiyalarını uğurla həyata keçirmək qabiliyyətini sübut edib. Ən tanınmış uğurlardan biri Ayın Yerə görünməyən tərəfindən nümunələrin tarixdə ilk dəfə olaraq gətirilməsi olub. Bu layihə 2024-cü ildə “Chang’e-6” missiyası çərçivəsində uğurla həyata keçirilib. “Tianwen-2” missiyası bu ilin may ayının sonunda işə salınıb və hazırda icra mərhələsindədir. Məqsəd - 469219 Kamoualeva adlı asteroiddən tədqiqat materialı toplamaq və onu Yerə gətirməkdir.
         Bu arada “Tianwen-3” missiyasına hazırlıqlar davam edir. Məqsəd - Marsdan ilk nümunələri Yerə çatdırmaqdır. Missiyanın buraxılışı 2028-ci ilin sonuna planlaşdırılıb. Daha sonra Çin 2030-cu ildə “Tianwen-4” missiyasını həyata keçirməyi planlaşdırır. Bu missiya çərçivəsində zond Yupiterə göndəriləcək. Əvvəlcə məqsəd qaz nəhəngi olan Yupiterin orbitinə çıxmaq olacaq, lakin sonda onun peyki Kallistonun orbitinə yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin bu obyektə eniş etməyə cəhd göstərəcək eniş modulunun göndərilməsi məsələsi də nəzərdən keçirilir. Maraqlıdır ki, “Tianwen-4” missiyası çərçivəsində eyni raket vasitəsilə Uran ətrafında uçuş üçün kiçik bir kosmik aparatın buraxılması da planlaşdırılır. Hazırda bu missiya hissəsinin təxminən 2046-cı ildə həyata keçirilməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
    uzaq-kecmisde-mars-olduqca-rutubetli-planet-olub
    Üçüncü ulduzlararası obyektin Günəş sisteminə hardan gəldiyi təyin edilib
    ucuncu-ulduzlararasi-obyektin-gunes-sistemine-hardan-geldiyi-teyin-edilib
    Planetdəki ən nadiq qan növü aşkar edilib
    planetdeki-en-nadiq-qan-novu-askar-edilib
    Plastik materialların parçalanması üçün mum qurdlarından istifadə nəzərdən keçirilir
    plastik-materiallarin-parcalanmasi-ucun-mum-qurdlarindan-istifade-nezerden-kecirilir
    Süni qanın yaradılması ilə bağlı növbəti irəliləyiş əldə edilib
    suni-qanin-yaradilmasi-ile-bagli-novbeti-irelileyis-elde-edilib