main-post-cover

    Həyat Günəş işığı olmadan belə mövcud ola bilərmiş

    Elm & Texnologiya
    22.07.2025
    Emil Nəcəfov
         Uzun illər boyunca alimlər Günəş işığının Yer üzündəki bütün həyatın əsas mənbəyi olduğunu düşünürdülər. Lakin indi tədqiqatçılar işıq olmadan da həyatın mövcud ola biləcəyi tamamilə fərqli bir mexanizm aşkar ediblər. Alimlər müəyyən ediblər ki, Yer səthinin dərinliklərində yaşayan mikroorqanizmlər enerjini tektonik plitələrin hərəkəti nəticəsində süxurlarda yaranan çatlardan qaynaqlanan xüsusi kimyəvi reaksiyalardan ala bilirlər. Yer qabığında bu cür çatların yaranması su və qazların dövranına şərait yaradır və nəticədə Günəş işığına ehtiyac duymayan kimyəvi reaksiyalar baş verir. Bu kəşf yeraltı ekosistemlərə dair təsəvvürləri dəyişir və eyni zamanda Günəş işığının çatmadığı digər planetlərdə də bu cür mikroorqanizmlərin mövcud ola biləcəyini göstərir. Tədqiqatın müəllifləri yeraltında dərinlikdə yaşayan mikroorqanizmlərin enerji və oksidləşdirici maddələrə necə çıxış əldə etdiklərini araşdırmaq istəyirdilər.
         Bunlar, həyatın davam etməsi üçün lazım olan kimyəvi enerjinin iki əsas komponentidir. Əvvəlki araşdırmalar göstərmişdi ki, mikroorqanizmlər enerjini hidrogendən ala bilirlər, lakin zəruri oksidləşdirici maddələrin mənşəyi hələ də aydın deyildi. Bu sirri açmaq üçün alimlər laboratoriyada, adətən yeraltı qırılma xətləri boyunca baş verən süxurlarda çatların yaranma prosesini təkrar canlandırıblar. Tədqiqatçılar yer qabığının hərəkətinin təsirini təqlid edərək müxtəlif süxur növlərinə təzyiq tətbiq ediblər. Süxurlarda çatlar yarandığı zaman kimyəvi cəhətdən aktiv molekullar - sərbəst radikallar - azad olunub. Bu radikallar su ilə reaksiyaya girərək həm enerji mənbəyi olan hidrogeni, həm də oksidləşdirici kimi çıxış edən hidrogen peroksidi (H2O2) əmələ gətiriblər.
         Bu maddələr birlikdə enerji ilə zəngin kimyəvi mühit yaradır. Lakin alimlər daha mühüm bir kəşf də ediblər: məlum olub ki, süxurlarda çatların yaranması nəticəsində hidrogenin miqdarı digər məlum proseslərlə - məsələn, müəyyən minerallarla suyun reaksiyası və ya təbii radiasiya təsiri ilə parçalanma ilə müqayisədə 100 000 dəfə artıq olur. Təcrübə göstərdi ki, hidrogen və oksidləşdirici maddələr ətrafdakı su və süxurlardakı dəmirin formasını dəyişdirərək, onun oksidləşmiş haldan bərpa olunmuş hala keçidini təmin edən dövri reaksiyanı - redoks dövrünü - işə salıb. Bu oksidləşmə-bərpa dövrü həyat üçün vacib olan digər elementlərin, məsələn, karbon və azotun da iştirak etdiyi reaksiyaları dəstəkləyir.
         Alimlər hesab edirlər ki, zəlzələlər və ya hətta cüzi yeraltı təkanlar belə mikroorqanizmlərin yaşaması üçün istifadə etdiyi bu cür kimyəvi şərait yarada bilər və bunun üçün Günəş işığına ehtiyac yoxdur. Alimlərin sözlərinə görə, Yer kürəsinin ən dərin qatlarında sağ qalmaq üçün mikroorqanizmlər oksidləşmə-bərpa reaksiyaları nəticəsində əldə olunan enerjidən istifadə edirlər. Bu kəşf həyatın harada mövcud ola biləcəyi ilə bağlı təsəvvürləri dəyişir. Tədqiqat göstərir ki, geoloji aktivlik Günəş işığı olmadan da yeraltı ekosistemlərin yaşaması üçün kifayət qədər enerji təmin edə bilər. Alimlərin fikrincə, əgər bu cür kimyəvi reaksiyalar Yer üzərində həyatı dəstəkləyə bilirsə, oxşar şərait geoloji baxımdan aktiv olan digər qaya tipli planetlərdə və ya planet peyklərində də mövcud ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Cənubi Koreya Ayda bazanın inşasına hədəflənib
    cenubi-koreya-ayda-bazanin-insasina-hedeflenib
    Uzaq gələcəkdə yeni supermaterikin formalaşacağı gözlənilir
    uzaq-gelecekde-yeni-supermaterikin-formalasacagi-gozlenilir
    Yer kürəsinə bənzər planetlərin sayı düşünüldüyündən daha az ola bilər
    yer-kure
    Kosmik uçuşlar insanların gözlərində bərpası çətin dəyişikliklərə səbəb olurlar
    kosmik-ucuslar-insanlarin-gozlerinde-berpasi-cetin-deyisikliklere-sebeb-olurlar
    Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?
    horumcekler-mikroqravitasiya-seraitinde-tor-qura-bilirlermi