
Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?
Elm & Texnologiya
21.07.2025
Emil Nəcəfov
Yarım əsrdən çox əvvəl NASA layihəsi çərçivəsində Arabelle və Anita adlı iki hörümçək kosmosa göndərilmişdi. Tədqiqatçılar onların tor qurub-qura bilməyəcəyini yoxlamaq istəyirdilər və nəticələr alimləri olduqca təəccübləndirdi. Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi? 1973-cü ildə iki hörümçək üzərində keçirilmiş təcrübə sayəsində bu suala cavabımız var. Hörümçəklərlə bağlı bu təcrübə ideyası ilk olaraq Massaçusets ştatından olan 17 yaşlı məktəbli Judith Miles-a məxsus idi. Təklif NASA-nın tələbələrə "Skylab" adlı ilk ABŞ kosmik stansiyasında təcrübələr aparmağa imkan verən proqramı çərçivəsində irəli sürülmüşdü. "Skylab" 1973-cü ilin mayından 1974-cü ilin fevralına qədər qısa müddət ərzində bir neçə missiyanı yerinə yetirmişdi. NASA tədqiqatçıları məktəbli qızın ideyasını bəyəndikləri üçün o, “Skylab-3” missiyasına - mini kosmik stansiyanın ikinci pilotlu uçuşuna daxil edildi.

Missiya çərçivəsində Avropaya məxsus iki dişi xaçvari hörümçək 1973-cü il iyulun 28-də iki kiçik plastik qabda Yerə yaxın orbitə göndərildi. Alimlərin sözlərinə görə, Arabelle adlı hörümçək əvvəlcə yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkirdi və ən yaxşı halda yalnız “rudimentar” (yəni natamam, bəsit) torlar qururdu. Lakin artıq ikinci gündən etibarən o, tam formalaşmış torlar qurmağa başladı. Alimlər prosesin necə inkişaf edəcəyini görmək istədikləri üçün təcrübəni uzatdılar və missiyanın ortasında Anitanı da əlavə etdilər. Ümumilikdə, hər iki hörümçəyə yad mühitə uyğunlaşmaq üçün bir qədər vaxt lazım oldu, lakin onlar tezliklə Yer üzündəki kimi tor qurmağı öyrəndilər - sadəcə, daha incə ipəklə.

Araşdırmanın əsas obyekti hörümçəklər olsa da, əldə olunan nəticələr daha geniş sualların cavablandırılmasına yönəlmişdi - yəni mikroqravitasiyaya yaxın şəraitin heyvanların, o cümlədən insanın mərkəzi sinir sisteminə necə təsir etdiyini anlamaq. Mütəxəssislərin sözlərinə görə, hörümçəyin qurduğu torun geometriyası onun mərkəzi sinir sisteminin vəziyyətini qiymətləndirmək üçün yaxşı göstəricidir. Hörümçək torun lazım olan qalınlığını müəyyən etmək üçün öz çəkisini hiss edir və tor qurmaq üçün həm küləkdən, həm də cazibə qüvvəsindən istifadə edir. Buna görə də, “Skylab”da cazibə qüvvəsinin olmaması hörümçəkdə davranış reaksiyası üçün yeni və qeyri-adi stimul yaradır. Sadə dillə desək, tor qurmaq qabiliyyəti hərəkət və sinir sistemlərinin tanımadığı şəraitə necə reaksiya verə biləcəyinə dair fikir yarada bilər.

Təəssüf ki, təcrübə zamanı hər iki hörümçək kosmik stansiyada susuzluqdan tələf olub. Yer üzündə hörümçəklər adətən asimmetrik torlar qururlar, belə ki, torun mərkəzi yuxarıya daha yaxın yerləşir. Bu, onlara cazibə qüvvəsindən istifadə edərək daha sürətlə aşağı enməyə və torun aşağı hissəsinə düşən ovu tutmağa imkan verir. Lakin sıfıra yaxın cazibəsiz şəraitdə qurulan tor daha simmetrik olur və mərkəzi torun ortasına daha yaxın yerləşir. Daha da təəccüblü olan isə odur ki, hörümçəklər kosmosda tor qurmağa son dərəcə sürətli şəkildə uyğunlaşa bilmişdilər. 1970-ci illərdən bu yana bənzər bir neçə təcrübə daha keçirilib və bu təcrübələr çərçivəsində hörümçəklər Yerə yaxın orbitə göndərilib. Alimlər bu tədqiqatlarla həyatın kosmos mühitinə necə uyğunlaşa biləcəyini öyrənməyə çalışıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni kosmik obyekt Doqquzuncu planetin mövcudluğunu sual altına atır

Yeni kosmik obyekt Doqquzuncu planetin mövcudluğunu sual altına atır
Astronomlar Günəş sisteminin kənarında sirli bir obyekt - 2023 KQ14-ü aşkar ediblər və ona Ammonit adı verilib. Bu obyekt sednoidlər adlanan nadir sinifə aiddir - bu sinifə daxil olan cisimlər son dərəcə uzunsov orbitlərə malikdir və Günəşə onlarla astronomik vahiddən daha yaxın məsafəyə gəlmirlər.
Alimlər ilk dəfə yeni planetar sistemin doğuşunu müşahidə ediblər

Alimlər ilk dəfə yeni planetar sistemin doğuşunu müşahidə ediblər
Beynəlxalq astronomlar qrupu ilk dəfə olaraq Günəşdən fərqli bir ulduzun ətrafında planetlərin formalaşmasının başlanğıc anını dəqiq şəkildə qeydə alıblar. ALMA teleskopundan və James Webb kosmik teleskopundan istifadə edərək alimlər planetləri formalaşdıran maddələrin ilk hissəciklərinin yaranmasını, onların yeni-yeni kristallaşmağa başladıqları mərhələni müşahidə ediblər.
Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib

Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib
Kepler-139 ulduz sistemində yeni planet aşkarlanıb. Bu sistemdə daha əvvəl astronomlar 4 planet kəşf etmişdilər. Onlardan biri qaz nəhəngi, qalan üçü isə Super Yer sinfinə aiddir. Ehtimal olunur ki, yeni aşkar olunmuş planet də qaz nəhəngidir.
Saturnun peyki Titanda həyatın təməli formalaşa bilər

Saturnun peyki Titanda həyatın təməli formalaşa bilər
Alimlər hesab edirlər ki, Saturnun ən böyük peyki olan Titan üzərində yadplanet həyatın yaranması üçün zəruri şərait mövcuddur. Araşdırma göstərir ki, Titan səthində canlı orqanizmlərin hüceyrələrindən əvvəl gələn strukturların formalaşması üçün bütün vacib komponentlər mövcuddur.
Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir

Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir
Alimlər dərin kosmosdan gələn radioşüalanmanın mənşəyini müəyyən etməyə çalışırlar, lakin hətta əvvəllər ən mümkün hesab edilən nəzəriyyələr belə aşkarlanmış siqnalın davranışını izah edə bilmir. Astronomlar Yerə hər 14 dəqiqədən bir çatan radiosiqnallar aşkar ediblər.
Həftənin xəbərləri

