main-post-cover

    Yer kürəsinin geoloji tarixində riyazi qanunauyğunluqlar aşkar edilib

    Elm & Texnologiya
    03.09.2025
    Emil Nəcəfov
         Planetimizin tarixi sarsıntılarla doludur. Nisbətən sabit dövrlər kəskin və gözlənilməz fəlakətlərlə əvəzlənib, bu da ciddi dəyişikliklərə səbəb olub. Lakin əlamətlər göstərir ki, bu keçidlər göründüyü qədər də qeyri-proqnozlaşdırılan deyil. Yeni araşdırmaya görə, geoloqların Yer tarixində əsas geoloji fəsilləri ayırd etmək üçün istifadə etdikləri hadisələr gizli iyerarxik struktura tabe olur və bu, keçmiş və gələcək sarsıntılara işıq tuta bilər. Vilnüs Universitetinin alimləri tərəfindən aparılmış tədqiqat təxminən 540 milyon ili əhatə edən hazırkı Fanerozoy eonuna həsr olunub. Bu eon kaynozoy, mezozoypaleozoy eralarını əhatə edir. O, Yer tarixindəki 4 eondan biridir və ən böyük geoloji zaman kəsimlərini təşkil edir.
         “Dərsliklərdə geoxronoloji şkalalar səliqəli qrafiklər kimi görünə bilər, amma onların sərhədləri daha çox xaotik bir tarixdən xəbər verir. Nəticələrimiz göstərir ki, əvvəlcə nizamsız səs-küy kimi görünən şey əslində planetimizin necə dəyişdiyini və bu dəyişikliklərin nə qədər irəli gedə biləcəyini anlamaq üçün açardır” - deyə tədqiqatın həmmüəllifi Andrey Spiridonov bildirib. Spiridonov və onun həmkarları əsas kimi Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən müəyyənləşdirilmiş zaman intervallarını götürüb, lakin sərhədləri dəqiqləşdirmək üçün dəniz heyvanlarının, molyuskların və əhəngli planktonun yayılma areallarına dair stratiqrafik analiz məlumatlarından da istifadə ediblər.
         Onlar müəyyən ediblər ki, zaman intervalları arasındakı sərhədlər ardıcıl şəkildə maraqlı klasterlər əmələ gətirir və bunlar uzunmüddətli nisbətən sakit dövrlərlə ayrılır. Bu qeyri-bərabər paylanma multifraktal sistemə işarə edir, yəni mürəkkəb dinamikası fasiləsiz eksponentlər spektri ilə müəyyən olunan bir sistem. “Yer tarixində kütləvi yoxolmalardan tutmuş təkamül partlayışlarına qədər əsas hadisələr arasındakı intervallar qeyri-bərabər şəkildə paylanıb. Onlar zaman üzrə dəyişkənliyin kaskad xarakterini üzə çıxaran multifraktal məntiqi izləyirlər” - deyə Spiridonov bildirib. Tədqiqatçılar Yer üçün “xarici zaman şkalasını” qiymətləndirməyə çalışıblar, yəni planetimizin təbii dəyişkənliyinin miqyasını aşkar etmək üçün lazım olan vaxtı. Öz nəticələrinə əsaslanaraq, onlar hesablayıblar ki, bu müddət minimum 500 milyon il təşkil edir.
         “Əgər biz Yerin bütün davranış spektrini - istər sakitlik dövrləri, istərsə də qəfil qlobal sarsıntılar olsun - anlamaq istəyiriksə, ən azı yarım milyard ili əhatə edən geoloji məlumatlara ehtiyacımız var. İdeal halda isə bu, 1 milyard il olmalıdır” - deyə Spiridonov bildirib. Bu zaman intervallarının və onların sərhədlərinin paylanmasını təsvir etmək üçün tədqiqatçılar yeni bir model hazırlayıblar və onu “mürəkkəb multifraktal-Puasson prosesi” adlandırıblar. Onların analizi həlledici hadisələrin müəyyən bir struktura malik olduğunu, klasterlər içində klasterlərdən ibarət kaskad yaratdığını göstərir. “Artıq bizim əlimizdə Yerin sistemindəki dəyişikliklərin sadəcə nizamsız olmadığını sübut edən riyazi dəlillər var. Onların inkişaf etmiş strukturu və iyerarxiyası mövcuddur” - deyə Spiridonov bildirib. Bu nəticələr bizə yalnız son 4.5 milyard ildə Yerdə baş verənləri anlamağa kömək etməyəcək, həm də gələcəkdə nələri gözləməli olduğumuz barədə qiymətsiz məlumat verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qaranlıq materiyanın mövcudluğunu şübhə altına atan yeni fərziyyə irəli sürülüb
    qaranliq-materiyanin-movcudlugunu-subhe-altina-atan-yeni-ferziyye-ireli-surulub
    Riyazi model Yer kürəsində həyatın spontan yaranması ehtimalını azaldır
    riyazi-model-yer-kuresinde-heyatin-spontan-yaranmasi-ehtimalini-azaldir
    Kanadalı alimlər soyuq termonüvə sintezi yolunda inqilabı addım atıblar
    kanadali-alimler-soyuq-termonuve-sintezi-yolunda-inqilabi-addim-atiblar
    Mars mantiyasında yad formalaşmalar aşkar edilib
    mars-mantiyasinda-yad-formalasmalar-askar-edilib
    Alimlər 14 qalaktikanı birləşdirən 5.5 milyon işıq ili uzunluqlu kosmik sapı kəşf ediblər
    alimler-14-qalaktikani-birlesdiren-55-milyon-isiq-ili-uzunluqlu-kosmik-sapi-kesf-edibler