Cırtdan qalaktikanın mərkəzində superkütləli qara dəlik kəşf olunub
Elm & Texnologiya
28.10.2025
Emil Nəcəfov
Süd Yolu qalaktikasının ən kiçik və ən solğun peyk qalaktikalarından birində astronomlar Günəşin kütləsindən 450 000 dəfə böyük olan nəhəng qara dəlik aşkar ediblər. Bu kəşf cırtdan qalaktikalar haqqında mövcud elmi təsəvvürlərə meydan oxuyur, çünki belə nəhəng qara dəliklərin bu cür qalaktikalarda mövcud olması gözlənilmirdi. Astronomlar modelləşdirmə və yerüstü teleskoplardan əldə edilmiş məlumatlar vasitəsilə çox mühüm bir kəşf ediblər ki, alimlərin fikrincə, bu, cırtdan qalaktikaların təbiətinin anlaşılmasında inqilabi dəyişiklik yarada bilər. Süd Yolunun kiçik peyk qalaktikalarından biri olan Segue 1-in mərkəzində nəhəng qara dəlik aşkar olunub. Əvvəllər bu qalaktikadakı ulduzların bir-birindən uzaqlaşmamasının səbəbi görünməz qaranlıq materiyanın yaratdığı cazibə qüvvəsi hesab edilirdi. Lakin son araşdırmalar göstərib ki, bu cazibə qüvvəsini əslində həmin qalaktikanın mərkəzində yerləşən superkütləli qara dəlik yaradır.
Cırtdan qalaktika Segue 1 bizdən təxminən 75 000 işıq ili uzaqlıqda yerləşir və Süd Yolunun ən kiçik və ən solğun peyk qalaktikalarından biridir. Bu qalaktikada o qədər az ulduz var ki, onların cazibə qüvvəsi qalaktikanın sabitliyini təmin edə bilmir. Buna görə əvvəllər hesab edilirdi ki, görünməz qaranlıq materiya əlavə cazibə qüvvəsi yaradır və bütün ulduzları bir arada saxlayır. Lakin astronomlar müəyyən ediblər ki, bütün ulduzları bir arada saxlayan qüvvə qaranlıq materiya deyil, Segue 1 qalaktikasının mərkəzində yerləşən nəhəng qara dəliyin cazibəsidir. Alimlər Segue 1 qalaktikasına dair müşahidələr əsasında ulduzların görünən hərəkətinə əsaslanaraq onun daxili dinamikasının modelini yaradıblar. Bir ssenaridə çoxlu miqdarda qaranlıq materiya nəzərdə tutulurdu, digərində isə nəhəng qara dəliyin mövcudluğu. Qara dəliyin və ya qaranlıq materiyanın cazibəsi ulduzların real hərəkətinə uyğun gəlməli idi.
Qeyd etmək vacibdir ki, Süd Yolu öz cazibə qüvvəsi ilə Segue 1 qalaktikasındakı bəzi ulduzları özünə çəkir. Lakin alimlər modelləşdirmə zamanı qalaktikanın kənar hissələrində yerləşən bu ulduzları çıxarıb, cırtdan qalaktikanın mərkəzi hissəsindəki ulduzların hərəkətinə fokuslanıblar. Astronomlar qalan ulduzların sürət və hərəkət istiqamətinin xəritəsini tərtib ediblər. Nəticədə astronomlar aşkar ediblər ki, ulduzların hərəkət trayektoriyası qalaktikanın mərkəzində yerləşən nəhəng qara dəliyin cazibə təsirinə işarə edir. Alimlərin hesablamalarına görə, aşkar edilmiş qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 450 000 dəfə çoxdur. Bununla yanaşı, həmin qara dəliyin kütləsi Segue 1 qalaktikasındakı bütün ulduzların ümumi kütləsindən təxminən 10 dəfə böyükdür. Adətən qalaktikanın mərkəzində yerləşən qara dəliyin kütləsi həmin qalaktikadakı ulduzların ümumi kütləsindən çox olmur.
Bu isə o deməkdir ki, cırtdan qalaktikaların təkamülü haqqında mövcud elmi təsəvvürlərə yenidən nəzər yetirmək lazım gələ bilər. Hazırda astronomlar bu gözlənilməz kütlə nisbətinin səbəbini dəqiq bilmirlər. Lakin onların ehtimalına görə, Segue 1 keçmişdə daha çox ulduzlara malik olan iri bir qalaktika olub. Zaman keçdikcə Süd Yolu onun ulduzlarının böyük hissəsini öz cazibəsinə çəkərək “udmuş” ola bilər. Digər ehtimala görə, Segue 1 “kiçik qırmızı nöqtələr” adlandırılan və yeni kəşf edilmiş qalaktika sinfinə bənzəyir. Bu qalaktikaların nəhəng qara dəliklərə, lakin çox az sayda ulduza sahib olduğu düşünülür. Onlar bizdən 12 milyard işıq ili uzaqda yerləşdiyinə görə bu qalaktikaları öyrənmək olduqca çətindir. Buna görə də, alimlərin fikrincə, Segue 1 qalaktikasının tədqiqi “kiçik qırmızı nöqtələrin” sirrini açmağa kömək edə bilər. Necə təkamül keçirməsindən asılı olmayaraq, bu kiçik Segue 1 qalaktikası cırtdan qalaktikalar haqqında müasir elmi anlayışlara ciddi şəkildə meydan oxuyur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaponlar davamlı termonüvə reaksiyasına yaxındırlar
Yaponlar davamlı termonüvə reaksiyasına yaxındırlar
Yaponiyanın Helical Fusion startapı yüksək temperaturlu superkeçirici bobinin mühüm sınaqlarını uğurla başa vurduğunu açıqlayıb. Termonüvə reaktorlarının əsas komponenti olan bu sistem, termonüvə qurğusundakı maqnit mühitini təkrarlayıb və ilk dəfə olaraq superkeçirici şəraitdə sabit cərəyan axınını təmin edib.
Alimlər qeyri-adi planetar sistemi kəşf ediblər
Alimlər qeyri-adi planetar sistemi kəşf ediblər
Beynəlxalq astronomlar qrupu bizdən təxminən 190 işıq ili məsafədə yerləşən TOI-2267 adlı ikiulduzlu sistemdə Yer ölçüsündə 3 planet aşkar edib. Bu kəşf alimlərə ikiulduzlu sistemlərdə planetlərin necə formalaşdığını və sabitliklərini necə qoruduqlarını daha dərindən anlamağa kömək edəcək.
Süd Yolu qalaktikasından kənarda ilk dəfə həyatın yaranması üçün vacib elementlər aşkar edilib
Süd Yolu qalaktikasından kənarda ilk dəfə həyatın yaranması üçün vacib elementlər aşkar edilib
Astronomlar ilk dəfə olaraq Süd Yolu qalaktikasından kənarda - mürəkkəb üzvi molekullar şəklində həyatın yaranması üçün lazım olan dondurulmuş maddələr aşkar ediblər. Bu maddələr təxminən 160 000 işıq ili uzaqlıqda yerləşən, Süd Yolunun peyk qalaktikası olan Böyük Magellan Buludunda tapılıb.
Yer kürəsindən 18 işıq ili uzaqlığında həyat üçün yararlı ola biləcək ekzoplanet kəşf olunub
Yer kürəsindən 18 işıq ili uzaqlığında həyat üçün yararlı ola biləcək ekzoplanet kəşf olunub
Kaliforniya Universitetinin Irvine kampusundan olan alimlər GJ 251c adlı ekzoplanetin kəşf edildiyini açıqlayıblar - bu, Günəş sistemindən cəmi 18 işıq ili uzaqlıqda yerləşən bir Super Yerdir. Bu planet, potensial olaraq həyat üçün yararlı ola biləcək bizə ən yaxın planetlərdən biridir. Artıq minlərlə kəşf edilmiş ekzoplanet arasında bu cür tapıntı son dərəcə nadirdir və onun elmi dəyərini qiymətləndirmək çətindir.
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Şotlandiyalı alimlər metan emissiyalarını azaltmağa yönəlmiş Cool Cows adlı inək yetişdirmə proqramı hazırlayıblar. Bu metodika, az qaz buraxan heyvanların seçilməsi üçün DNT testlərini və istənilən xüsusiyyətlərə malik nəslin alınması məqsədilə EKO (süni mayalanma) üsulunu birləşdirir.
Həftənin xəbərləri