main-post-cover

    Günəşə bənzər 3 ulduzdan Yerə istiqamətlənmiş siqnallar qeydə alınıb

    Elm & Texnologiya
    21.05.2025
    Emil Nəcəfov
         SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin yadplanetli sivilizasiyaların izlərini axtarmaq üzrə fəaliyyəti 50 ildən artıqdır ki, davam edir. Hələlik kainatda ağıllı yadplanetli həyatın mövcudluğuna dair inandırıcı sübutlar tapılmasa da, bəzən alimlər belə ehtimallara yol açan faktlarla qarşılaşırlar. Yeni məqalənin müəllifi - NASA-nın təcrübəli tədqiqatçısı - 1300-dən çox ulduzun optik siqnallarını araşdırıb və qeyri-adi bir şey aşkarlayıb: Günəşə bənzər bir ulduzda iki sürətli impuls qeydə alıb. Daha sonra 4 il əvvəlki arxiv müşahidələrində başqa bir ulduzda da eyni tip impulslar tapılıb. Bu ilin əvvəlində isə üçüncü ulduzda da oxşar siqnallar aşkar edilib. Hər üç ulduzdan gələn impulslar Yerə yönəlmiş vəziyyətdə olub, bu isə Günəş sistemimizin sərhədlərindən kənarda yadplanetli ağıllı həyat formasının mümkün fəaliyyətinə işarə edə bilər. Araşdırmanın müəllifi Richard Stanton - NASA-nın Reaktiv Hərəkət Laboratoriyası ilə uzun illər əməkdaşlıq etmiş, Voyager GRACE missiyalarında çalışmış bir mütəxəssisdir.
         Təqaüdə çıxdıqdan sonra Stanton özünü SETI layihəsinə həsr edib. O, illər boyunca Kaliforniyada yerləşən Shea-Meadow rəsədxanasındakı teleskoplardan birini və fərdi şəkildə yığdığı çoxkanallı fotometri istifadə edərək 1300-dən çox ulduz arasında yadplanetli sivilizasiyaların optik siqnallarını axtarıb. Ənənəvi SETI proqramlarının radioantenlər vasitəsilə siqnal axtarmasından fərqli olaraq, SETI-nin bu optik növü lazer əlaqəsi və ya istiqamətləndirilmiş enerji qurğuları tərəfindən göndərilə biləcək işıq impulslarını izləyir. Stanton-un yanaşması ondan ibarətdir ki, hər bir ulduzu təxminən 1 saat ərzində müşahidə edir və bu zaman ulduzun işığını astronomiyada çox yüksək zaman ayırdetmə qabiliyyəti ilə analiz edir. Daha sonra əldə olunan zaman sıraları impulslar və optik tonların olub-olmaması baxımından nəzərdən keçirilir.
    14 may 2023-cü ildə HD 89389 ulduzunun müşahidəsi zamanı qeydə alınmış siqnal:
         F sinifinə aid, Günəşimizdən bir qədər parlaq və kütləcə böyük olan HD 89389 adlı ulduzu müşahidə edən zaman Stanton gözlənilməz bir siqnal qeydə alıb. Bu hadisə 14 may 2023-cü ildə baş verib. Siqnal 2 sürətli və bir-birinə tamamilə bənzər impulsdan ibarət olub və bu impulslar arasında 4.4 saniyəlik fasilə müşahidə edilib. Müəllif siqnalı təyyarələrin, peyklərin, meteoritlərin, ildırımların, atmosfer hadisələrinin, sistem səs-küyünün və digər ehtimal olunan hadisələrin izləri ilə müqayisə edib. Nəticədə belə qənaətə gəlib ki, siqnalın mənbəyi bunlardan heç biri deyil - tamamilə fərqli bir şeydir. Lakin optik siqnallar arxivini yenidən araşdırarkən Stanton oxşar impulsların bir cütünü də tapıb. Onlar 30 sentyabr 2019-cu il tarixində HD 217014 ulduzu ətrafında qeydə alınıb. G sinifinə daxil olan bu ulduz təxminən 50.6 işıq ili uzaqlıqda yerləşir və ölçüsünə, kütləsinə və yaşına görə Günəşimizə bənzəyir.
         Həmin vaxt bu siqnal saxta pozitiv kimi qeydə alınmış və guya quşlar tərəfindən yaradıldığı düşünülmüşdü. Lakin daha dərindən aparılmış analiz bu ehtimalı istisna edib. Digər mümkün izahlar - Yer atmosferinin yaratdığı refraksiya, ulduz işığının difraksiyası, qismən Günəş tutulmaları - Stanton tərəfindən az ehtimallı sayılıb. Bu impulsların qravitasiya dalğası tərəfindən yaradılması ehtimalı da mövcuddur. Bu versiya əlavə araşdırma tələb edir. Lakin başqa bir ehtimalı - yadplanetli sivilizasiya izi - istisna etmək də olmaz. Daha da əhəmiyyətlisi, Stanton-un qeyd etdiyi kimi, bu impulsları modulyasiya edən hər nədirsə, Yerə nisbətən kifayət qədər yaxın məsafədə yerləşməlidir. Bu isə o deməkdir ki, yadplanetli həyat formalarının fəaliyyəti məhz Günəş sistemimizin xaricində baş verə bilər. Üstəlik, bu cür impulslar 2025-ci ilin əvvəlində yenidən müşahidə olunub. Bu dəfə Yerdən 81 işıq ili uzaqlıqda yerləşən Günəş tipli başqa bir ulduzda (HD 12051). Məqalənin müəllifi yazır ki, bütün bu halları izah etmək üçün daha çox məlumat tələb olunur.
    Mənbə: Phys.org
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal istiləşmə səbəbilə Braziliya yaşayış üçün yararsız hala gələ bilər
    qlobal-istilesme-sebebile-braziliya-yasayis-ucun-yararsiz-hala-gele-biler
    Uzaq qalaktikada bilinməyən materiya forması aşkar edilib
    uzaq-qalaktikada-bilinmeyen-materiya-formasi-askar-edilib
    Bizə yaxın digər ulduz sisteminin planetlərində potensial su okeanları ola bilər
    bize-yaxin-diger-ulduz-sisteminin-planetlerinde-potensial-su-okeanlari-ola-biler
    Yeni texnologiya insan DNT-nə bütöv geni yerləşdirə bilir
    yeni-texnologiya-insan-dnt-ne-butov-geni-yerlesdire-bilir
    Çinin kosmik stansiyasında yeni növ bakteriya aşkar edilib
    cinin-kosmik-stansiyasinda-yeni-nov-bakteriya-askar-edilib