main-post-cover

    Uzaq keçmişdə Yupiterin ölçüsü 2 dəfə böyük imiş

    Elm & Texnologiya
    21.05.2025
    Emil Nəcəfov
         Yupiterin erkən təkamülünün öyrənilməsi Günəş sistemimizin necə formalaşdığını və niyə bu qədər unikal quruluşa sahib olduğunu anlamağa kömək edir. Yupiter öz nəhəng cazibə qüvvəsi sayəsində tez-tez Günəş sisteminin “memarı” adlandırılır. O, digər planetlərin orbitlərinin formalaşmasında və onların yaranmasına səbəb olan qaz-toz diskinin modelləşdirilməsində əsas rol oynayıb. Nature Astronomy jurnalında dərc olunmuş yeni araşdırmada Kaliforniya Texnologiya İnstitutunun planetologiya üzrə professoru Konstantin Batygin Miçiqan Universitetinin fizika və astronomiya professoru Fred C. Adams Yupiterin ilkin vəziyyəti haqqında məlumat veriblər. Alimlərin hesablamalarına görə, Günəş sistemində ilk bərk hissəciklərin yaranmasından təxminən 3.8 milyon il sonra - protoplanet dumanlığı adlanan və Günəşi əhatə edən material diskinin dağılmağa başladığı həlledici mərhələdə - Yupiter indiki halından xeyli böyük olub və çox daha güclü maqnit sahəsinə sahib imiş.
         “Əsas məqsədimiz haradan gəldiyimizi anlamaq və planetlərin formalaşmasının erkən mərhələlərini müəyyən etməkdir. Bu, böyük tapmacanın vacib bir hissəsidir. Bu, təkcə Yupiterin deyil, bütövlükdə Günəş sisteminin necə yarandığını başa düşməyə bizi bir addım daha yaxınlaşdırır” - deyə Batygin bildirib. Batygin və Adams bu məsələyə Yupiterin kiçik peykləri olan Amalteya Fivanı araşdırmaqla yanaşıblar. Bu peyklər İodan da daha yaxın məsafədə Yupiter ətrafında dövrə vururlar. Amalteya və Febanın orbitləri bir qədər maili olduğuna görə, Batygin və Adams bu cüzi sapmaları təhlil edərək Yupiterin ilkin ölçüsünü hesablayıblar. Onun radiusu indiki ölçüsündən təxminən 2 dəfə böyük olub, bu isə təxminən 2000 Yer həcminə bərabərdir.
    Amalteya:
         Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, həmin dövrdə Yupiterin maqnit sahəsi bu günkindən təxminən 50 dəfə güclü olub. Adams vurğulayıb ki, keçmişin 4.5 milyard il sonra belə araşdırıla biləcək izlər buraxması nə qədər heyrətamizdir: “Təəccüblüdür ki, bu qədər vaxt keçməsinə baxmayaraq, Yupiterin yaranış dövründəki fiziki vəziyyətini bərpa etməyə imkan verən kifayət qədər ipucu qorunub saxlanılıb”. Vacib məqam odur ki, bu nəticələr planetlərin formalaşması modellərindəki ənənəvi qeyri-müəyyənlikləri aradan qaldıran müstəqil məlumatlara əsaslanaraq əldə olunub. Adətən bu cür modellər qaz sıxlığı, kütlənin artma sürəti və ya ağır elementlərdən ibarət nüvənin kütləsi kimi fərziyyələrə əsaslanır.
    Fiva:
         Lakin bu araşdırmada komanda Yupiterin peyklərinin orbital dinamikasına və planetin bucaqlı impulsunun (fırlanma hərəkətinin) qorunmasına fokuslanıb. Bu isə birbaşa ölçülə bilən fiziki göstəricilərdir. Onların təhlili Yupiterin ətrafındakı Günəş dumanlığının buxarlandığı andakı vəziyyətini aydın şəkildə təsvir edir. Bu, planetlərin formalaşması üçün materialların yoxa çıxdığı və Günəş sisteminin ilkin strukturunun sabitləşdiyi dönüş nöqtəsidir. Bu nəticələr, Yupiter və digər ulduzlar ətrafındakı nəhəng planetlərin “nüvə akkresiyası” adlanan proseslə formalaşdığını irəli sürən mövcud nəzəriyyələrə mühüm detalları əlavə edir. Bu proses zamanı qayalı və buzlu nüvə sürətlə qaz toplayaraq planetə çevrilir.
         Bu əsas modellər onilliklər ərzində, Kaliforniya Texnologiya İnstitutunun fəxri planetologiya professoru Dave Stevenson da daxil olmaqla, bir çox alim tərəfindən hazırlanıb. Yeni tədqiqat bu baza üzərində qurulub və Yupiterin ölçüsü, fırlanma sürəti və ilkin maqnit şəraiti ilə bağlı daha dəqiq ölçmələr təqdim edir. Batygin vurğulayıb ki, Yupiterin həyatının ilk anları hələ də qeyri-müəyyənlik içində olsa da, bu araşdırma planetin inkişafındakı mühüm mərhələləri daha aydın şəkildə göstərir. “Bizim burada müəyyən etdiyimiz şey dəyərli bir istinad nöqtəsidir. Bu, Günəş sistemimizin təkamülünü daha dəqiq şəkildə bərpa etməyə imkan verən başlanğıc nöqtəsidir” - deyə alim bildirib.
    Mənbə: Caltech
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Günəşə bənzər 3 ulduzdan Yerə istiqamətlənmiş siqnallar qeydə alınıb
    gunese-benzer-3-ulduzdan-yere-istiqametlenmis-siqnallar-qeyde-alinib
    Qlobal istiləşmə səbəbilə Braziliya yaşayış üçün yararsız hala gələ bilər
    qlobal-istilesme-sebebile-braziliya-yasayis-ucun-yararsiz-hala-gele-biler
    Uzaq qalaktikada bilinməyən materiya forması aşkar edilib
    uzaq-qalaktikada-bilinmeyen-materiya-formasi-askar-edilib
    Bizə yaxın digər ulduz sisteminin planetlərində potensial su okeanları ola bilər
    bize-yaxin-diger-ulduz-sisteminin-planetlerinde-potensial-su-okeanlari-ola-biler
    Yeni texnologiya insan DNT-nə bütöv geni yerləşdirə bilir
    yeni-texnologiya-insan-dnt-ne-butov-geni-yerlesdire-bilir