main-post-cover

    Astronomlar yeni ən qədim qalaktikanı kəşf ediblər

    Elm & Texnologiya
    22.05.2025
    Emil Nəcəfov
         MoM-z14 qalaktikası Böyük partlayışdan cəmi 280 milyon il sonra mövcud olub və belə qalaktikaların erkən kainatda bu qədər geniş yayılması astronomları təəccübləndirir. Daha əvvəl James Webb kosmik teleskopu inanılmaz dərəcədə uzaq, yəni ən qədim qalaktikalardan bir neçəsini aşkarlamışdı. Məsələn, bu tədqiqatdan öncə ən uzaq və qədim qalaktika olaraq JADES-GS-z14-0 tanınırdı. O, Böyük partlayışdan 290 milyon il sonra mövcud olmuşdu. İndi isə alimlər daha əvvəl aşkarlanmış MoM-z14 qalaktikasının daha da uzaq və daha qədim olduğunu təsdiqləyiblər. Bu qalaktika Böyük partlayışdan 280 milyon il sonra meydana gəlib. Xatırladaq ki, müasir kainat modeli göstərir ki, Böyük partlayış 13.8 milyard il əvvəl baş verib. Bu isə o deməkdir ki, MoM-z14 qalaktikasından gələn işıq bizə çatmaq üçün 13.5 milyard ildən çox yol qət edib.
         Hazırda ondan daha uzaq qalaktika hələ aşkar olunmayıb, lakin Webb teleskopundan toplanan çoxlu məlumatlar hələ emal edilməlidir və ola bilsin ki, daha da uzaq bir qalaktika aşkar ediləcək. Bu yeni kəşf qalaktikaların formalaşması və təkamülünü kainatın bu qədər erkən mərhələsində daha dərindən anlamağa imkan verir. 2022-ci ildə James Webb kosmik teleskopu fəaliyyətə başlamazdan əvvəl, astronomların kainata 13.3 milyard işıq ilindən uzağa baxmaq imkanı yox idi. Lakin Webb teleskopunun infraqırmızı cihazları, çox uzaq mənbələrdən gələn işığı görmək qabiliyyətinə malikdir. Bu teleskop ən uzaq qalaktikalardan gələn işığın nə qədər məsafə qət etdiyini təxmini qiymətləndirə bilir. Qalaktikaya olan dəqiq məsafəni müəyyən etmək üçün isə, astronomlar spektroskopiyadan istifadə etməlidirlər - yəni işığı tərkib hissələrinə ayıraraq analiz etməlidirlər.
         Məhz bu üsuldan istifadə edən tədqiqatçılar MoM-z14 qalaktikasının bu günə qədər məlum olan ən uzaq qalaktika olduğunu təsdiqləyiblər. Bu yeni kəşf erkən kainatda əvvəl düşünüləndən daha çox qalaktikanın olduğunu göstərir ki, bu da astronomları təəccübləndirir. MoM-z14 qalaktikasının parlaqlığı, onun kütləsinin Süd Yolu qalaktikasının peyki olan və ondan 10 dəfə kiçik olan Böyük Magellan Buludu adlı cırtdan qalaktikanın kütləsinə bənzədiyini göstərir. Müşahidələr göstərir ki, MoM-z14 qalaktikasının işığının böyük hissəsi qalaktikanın aktiv nüvəsindən yox, ulduzlardan gəlir. Aktiv nüvələr adətən maddəni udan superkütləli qara dəliklər tərəfindən yaradılır. Qara dəliyin ətrafında fırlanan maddə işıq saçır. Alimlər hesab edirlər ki, MoM-z14 qalaktikasında çox parlaq və çox kütləli bir neçə ulduz mövcuddur. Astronomlar bu qalaktikada azot, karbon, oksigen və digər kimyəvi elementləri aşkar ediblər.
         Bu da o deməkdir ki, qalaktikada bir neçə nəsil ulduz mövcuddur. Məsələ ondadır ki, ilk ulduzlar yalnız hidrogen heliumdan ibarət idi. Onlar supernova partlayışı nəticəsində öldükdə, kosmosa daha ağır kimyəvi elementlər səpələdilər, bu da yeni ulduz nəsillərinin yaranmasına zəmin yaratdı. Ən uzaq qalaktikanın kimyəvi tərkibi, Süd Yolu qalaktikasındakı qədim kürəvi ulduz topalarının tərkibini xatırladır. Bu isə onu göstərir ki, MoM-z14 qalaktikasındakı ulduzlar və bu topalardakı ulduzlar oxşar şəraitdə formalaşıblar. Alimlər kainatın erkən mərhələsində belə parlaq bir qalaktikanın aşkar olunmasına təəccübləniblər. Bu, belə qalaktikaların nadir olmadığını göstərir. Kainatın bu qədər erkən mərhələsində belə parlaq qalaktikaların ard-arda kəşfi, Böyük partlayışdan dərhal sonra gözləniləndən 100 dəfə çox qalaktikanın yaranmış ola biləcəyini göstərir. Astronomlar deyirlər ki, bəlkə də hələ nəzərdən qaçırılan bir fiziki proses mövcuddur ki, bu qədər erkən dövrdə belə qalaktikaların formalaşmasını izah edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Uzaq keçmişdə Yupiterin ölçüsü 2 dəfə böyük imiş
    uzaq-kecmisde-yupiterin-olcusu-2-defe-boyuk-imis
    Günəşə bənzər 3 ulduzdan Yerə istiqamətlənmiş siqnallar qeydə alınıb
    gunese-benzer-3-ulduzdan-yere-istiqametlenmis-siqnallar-qeyde-alinib
    Qlobal istiləşmə səbəbilə Braziliya yaşayış üçün yararsız hala gələ bilər
    qlobal-istilesme-sebebile-braziliya-yasayis-ucun-yararsiz-hala-gele-biler
    Uzaq qalaktikada bilinməyən materiya forması aşkar edilib
    uzaq-qalaktikada-bilinmeyen-materiya-formasi-askar-edilib
    Bizə yaxın digər ulduz sisteminin planetlərində potensial su okeanları ola bilər
    bize-yaxin-diger-ulduz-sisteminin-planetlerinde-potensial-su-okeanlari-ola-biler